"Qarabağın necə dinamik şəkildə canlandığını artıq görürük".
Newscenter.az xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
"Bu regionda böyük quruculuq işləri aparılır. Nəqliyyat, sosial və turizm infrastrukturu aktiv şəkildə inkişaf edir, hava limanları, mehmanxanalar, yaşayış binaları, məktəblər tikilir. Təbii ki, biz bu fəzilətli işlərdən kənarda qala bilməzdik. 2022-ci ilin avqust ayında Bakıya səfərimdə Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini elan etdim. Mənim budəfəki səfər proqramımda həmin Mərkəzin rəsmi açılışı nəzərdə tutulur. Şübhəsiz ki, bu müəssisə ölkələrimiz və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcək. Mən şirkətlərimizin Qarabağın dirçəldilməsi prosesində iştirak etməkdə maraqlı olduğunu bir daha təsdiqləmək istərdim. Qazaxıstan şirkətinə Füzuli şəhərində Mərkəzi Rayon Xəstəxanası binasının tikintisi layihəsini təqdim etdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Yaxın gələcəkdə Qazaxıstan şirkətlərinin iştirakı ilə daha çox oxşar layihələrin həyata keçiriləcəyini gözləyirik. Əminəm ki, birgə səylər nəticəsində Qarabağ yeni rəng çalarları ilə çiçəklənəcək və Azərbaycanın quruculuq siyasətinin nümunəsinə çevriləcək. Regionun infrastrukturunun bərpası təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafına töhfə verəcək. Əlavə olaraq qeyd etmək istərdim ki, Qazaxıstan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlıdır. Qazaxıstan beynəlxalq sülhməramlı təşəbbüsləri iqdam edən və dəstəkləyən ölkə olaraq bütün Avrasiya regionunun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır", - Tokayev vurğulayıb.