"Sülh müqaviləsini imzalamaq və bununla da Ermənistanı düşdüyü ağır durumdan çıxarmaq əvəzinə Paşinyan hakimiyyəti ölkəni silahlandırmaqla böyük güclərin bölgəni yenidən müharibəyə sürükləmək cəhdlərinə yol açır. Ermənistanın aktiv şəkildə silahlanması, öz büdcəsində 2024-cü il üçün hərbi xərcləri üst-üstə 2 milyard dollara qədər artırması da bunun bariz göstəricisidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, Paşinyan hər nə qədər Ermənistanın sülhə hazır olması və Azərbaycanla sülh sazişi bağlamağa siyasi iradəsinin olduğunu desə də bu, hələ ki, bəyanatlardan o yana keçmir və daha çox siyasi manipulyasiya təsiri bağışlayır:
"Amma məsələ burasındadır ki, Ermənistan nə qədər silahlansa da, ordusunun modernləşdirilməsi istiqamətində müəyyən addımlar atsa da, onların təkbaşına Azərbaycana qarşı dayanması imkansızdır. Birincisi ona görə ki, Fransa, Hindistan kimi ölkələrdən alınan silahlar keyfiyyət baxımından elə böyük üstünlüklərə malik deyillər. İkincisi, 44 günlük Qarabağ savaşında öz hərbi arsenalının 80 faizinə yaxınını itirən bir dövlət üçün alınan və alınması gözlənilən silahlar onu yalnız 2000-ci ildəki səviyyəyə gətirib çıxara bilər. Yəni başqa sözlə desək Ermənistan hələ ki, öz itirilmiş arsenalının yerini doldurmaqla məşğuldur. Hesablamalara görə Ermənistana hətta indiki templə silahlanacağı halda, (hansı ki, bu faktiki olaraq maliyyə imkanları baxımından qeyri-mümkün görünür) Azərbaycan Ordusu ilə bərabər səviyyəyə çatmaq üçün ən azı 5-6 il lazımdır. O şərtlə ki, bu illər ərzində Azərbaycan ümumiyyətlə yeni silahlar almasın və hərbi arsenalını gücləndirməsin".
Yusif Bağırzadənin sözlərinə görə, Azərbaycan müharibədən dərhal sonra yeni silah və texnikanın alınması üçün çoxlu sayda müqavilələr imzalayıb:
"Elə tək Pakistanla dəyəri 1,6 milyard dollar olan irihəcmli hərbi sazişin imzalanması onu göstərir ki, hərbi rəhbərlik düşmənin Fransa, Hindistan, İran və digər ölkələrdən əldə etdiyi silah sistemlərini, onların imkanlarını tədqiq edərək, həmin silahları sıradan çıxaracaq silah sistemlərini əldə etməyi planlaşdırır".
Süleyman