Paytaxtdakı ümumi təhsil müəssisələrində fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici tədbirlər keçirilib.
Newscenter.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə keçirilən layihənin məqsədi suda boğulma, yanğın, dəm qazından zəhərlənmə və digər fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsindən ibarətdir.
Bakı şəhəri 114 və 84 nömrəli tam orta məktəblərdə təşkil olunan tədbirlərdə Elm və Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Məhbubə Mustafayeva, Nizami Fərəcov, Toğrul Vəliyev, Elmar Hüseynov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun əməkdaşı Şahanə Bağırova, Vətən Müharibəsi iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Tədbirlərdə fövqəladə hallar zamanı davranış, suda boğulma, yanğın və dəm qazı zəhərlənmələri ilə əlaqədar təhlükəsizlik qaydaları və digər mövzular barədə məlumat verilib. Təhsil müəssisələrinin müəllim-şagird heyətinin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltməyin və bu istiqamətdə onların bilik və bacarıqlarının artırılmasının vacibliyindən bəhs olunub.
Şagirdlər simulyativ proqramlarla çıxış edib, sənədli film və videoçarxlar nümayiş olunub.
Sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
R.Mehdiyeva