"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda dövlət səfərindədir və səfər əsnasında Qazaxıstanın dövlət başçısı Azərbaycan mediasına müsahibə verib. Maraqlıdır ki, bu müsahibəyə əsasən, Qazaxıstanla Azərbaycan arasında görüşdə təkcə ikitərəfli münasibətlərin deyil, həm də regionların inkişafı və kontinental layihələrin gündəliyi var. Xüsusilə Çin və Avropanı birləşdirən Transxəzər (Orta) Beynəlxalq Nəqliyyat Marşrutu əsas mövzudur. Tokayev müsahibə zamanı nəqliyyat marşrutunun inkişafının strateji vəzifə olduğunu vurğulayıb. Transxəzər dəhlizi təsirli inkişaf dinamikası nümayiş etdirir. 2022-ci ildə yükdaşımaların həcmi 2 dəfə, 2023-cü ildə isə 65% artaraq 2,7 milyon tona çatıb. Onun 10 milyon tona çatdırılması dövlət başçıları səviyyəsində qarşıya qoyulub. Bu təbii olaraq, müxtəlif qlobal investorların böyük marağına səbəb olur".
Newscenter.az-ın xəbərinə görə, sözügedən müsahibə, eləcə də Tokayevin dövlət səfəri barədə fikirlərini bildirən politoloq Pərviz Əliyev deyib ki, Transxəzər dəhlizinin darboğazlarını aradan qaldırmaq üçün Qazaxıstan, Türkiyə və Azərbaycan arasında 2022-2027-ci illər üçün Yol Xəritəsi imzalanıb:
"Qazaxıstan, Azərbaycan və Gürcüstanın birgə səyləri ilə Middle Corridor Multimodal Ltd. adlı birgə müəssisə yaradılıb. Onun vəzifəsi logistika şirkətləri və onların müştərilərinin həyatını əhəmiyyətli dərəcədə asanlaşdıracaq “bir pəncərə” prinsipi üzrə xidmətlər göstərməkdir.
Həmçinin prezident Tokayev Qazaxıstanın Xəzər dənizindəki dəniz limanlarının dərindən modernləşdirilməsi üçün innovasiya və investisiya imkanlarının cəlb edilməsi vəzifəsini xüsusi qeyd edib".
Politoloq deyib ki, 2020-ci ildən Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 5 dəfə artaraq 109 milyon dollardan 529 milyon dollara yüksəlib:
"Nəticə olaraq, Qazaxıstan və Azərbaycan münasibətlərin yeni dövrünü yaşayır. İkitərəfli münasibətlərin inkişafı Mərkəzi Asiyanı Qafqazla, Şərqi Asiyanı Avropa ilə birləşdirən böyük transkontinental layihələrin həyata keçirilməsinə imkan verib".
Anar Əliyev