Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQC sədri: Azərbaycan qiymətləndiriciləri yeni mərhələyə qədəm qoyur

AQC sədri: Azərbaycan qiymətləndiriciləri yeni mərhələyə qədəm qoyur


Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 1998-ci ildən fəaliyyət göstərir və ölkəmizin ilk assosiativ peşə birliklərindən biridir. Cəmiyyət “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin işlək mexanizmlərinin yaradılması, qiymətləndirmə standartlarının tətbiqi, qiymətləndirmə subyektləri və qiymətləndiricilər arasında koordinasiyalı fəaliyyətin təşkili, beynəlxalq qiymətləndirmə platformalarında təmsilçilik, eləcə də peşəkar qiymətləndiricilərin yetişdirilməsi istiqamətində təlim, tədris və sertifikasiya prosesini həyata keçirən yeganə qurumdur və 60-dan artıq peşəkar qiymətləndirmə şirkətini və yüzlərlə qiymətləndiricini öz ətrafında birləşdirir.

Newscenter.az xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) prezidentinin səlahiyyətlərini icra edən Vüqar Oruc söyləyib.

V.Oruc qeyd edib ki, cəmiyyət bu günə qədər minlərlə layihə icra edib.

“Dövlət qurumları, maliyyə təsisatları, biznes subyektləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq edən AQC oxşar sahələrdə fəaliyyət göstərən assosiativ qurumlarla əlaqəli şəkildə fəaliyyət göstərir. Münasibətlərimiz isə əməkdaşlıq müqavilələri və memorandumları vasitəsilə tənzimlənir. Əsas məqsədimiz Azərbaycanda sivil qiymətləndirmə modelini formalaşdırmaq, müxtəlif əmlak növlərinin qiymətləndirilməsi ilə məşğul olan mütəxəssislərin fəaliyyətinə dəstək olmaq, onların peşə hüquqlarının qorunmasına, peşə maraqlarının müdafiəsinə və ixtisas səviyyəsinin yüksəldilməsinə yardımçı olmaqdır”, - deyə AQC sədri vurğulayıb.

Rəhbəri olduğu cəmiyyətin beynəlxalq qiymətləndirmə platformaları ilə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdıran sədr bildirib ki, AQC Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının və digər qurumların üzvüdür: “Eyni zamanda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın daimi, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin isə assosiativ qaydada üzv olduğu Türk Dövlətləri Qiymətəndiricilər Birliyinin (TDQB) həmtəsisçisiyik. Ötən ilin iyun ayında Qazaxıstanın Türküstan şəhərində təsis olunan, bu günə qədər Bakıda, Ankarada və İstanbulda zirvə görüşləri keçirilən TDQB 700-dən artıq qiymətləndirmə şirkətini və minlərlə qiymətləndiricini öz sırasında birləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə türk dövlətləri arasında artan yüksək əməkdaşlıq səviyyəsi qiymətləndirmə sektorunda bu qurumun tərkibində davam etdirilir. Qeyd edim ki, may ayında Bakıda keçiriləcək zirvə görüşündə birliyin prezidentlik səlahiyyətləri Azərbaycana, vitse-prezidentlik səlahiyyətləri isə Türkiyəyə ötürüləcək. Zirvə görüşü ilə əlaqədar Cənab Prezident İlham Əliyevə müraciət etməyi nəzərdə tuturuq”, – TDQB rəhbəri vurğulayır.

Vüqar Oruc əlavə edir ki, qiymətləndirmə sahəsi çoxvektorludur və ekosistemin ayrılmaz tərkib hissəsidir. Onun sözlərinə görə, daşınar və daşınmaz əmlakın, qeyri-maddi aktivlərin, borc öhdəlikləri və ssudalar üzrə təminatın, əmlak və sair hüquqların, bazar dəyərinin, qiymətli kağızların investisiya proqramlarının qiymətləndirilməsi və s. istiqamətlər üzrə fəaliyyət göstərən qiymətləndirmə sektoru demək olar ki, hamılıqla Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunur.

“Beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi ilə yanaşı, milli qiymətləndirmə standartlarının hazırlanması, qiymətləndiricilərin vahid məlumat bazasının yaradılması istiqamətində mühüm layihələr icra olunur. Qiymətləndirmə subyektləri və qiymətləndiricilərin AQC-yə üzv olmasının üstünlüklərinə gəldikdə isə, qeyd etdiyim kimi, cəmiyyətimiz bu sahədə fəaliyyət göstərən alternativsiz assosiativ birlikdir. Dövlət qurumları, maliyyə təsisatları, banklar, fondlar, eləcə də beynəlxalq təşkilatlar və aparıcı biznes subyektləri ilə əməkdaşlıq çərçivəsində onlar AQC-yə üzvlüyü vacib meyar, tələb kimi irəli sürürlər. Eyni zamanda qiymətləndirmə sertifikatları da zəruri tələblərdəndir ki, Azərbaycanda bu prosesi həyata keçirən yeganə qurum AQC-dir. AQC Türkiyə Dəyərləmə Uzmanları Birliyi ilə ortaq qiymətləndirmə modellərinin tətbiqi üzərində də fəal iş aparır. Türkiyənin nüfuzlu Ankara Universiteti ilə birlikdə layihələr icra edirik. Ankara Universitetinin dəstəyilə Azərbaycandakı universitetlərdən birinə Qiymətləndirmə fakültəsinin yaradılması istiqamətində yerli universitetlərlə aktiv müzakirələr aparılır”, - deyə AQC sədri vurğulayıb.

Vüqar Oruc onu da əlavə edib ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsinin qəbulu ilə Azərbaycan qiymətləndiriciləri yeni mərhələyə qədəm qoyur: “Əvvəla onu qeyd edim ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti qanun layihəsi ilə bağlı müzakirələrin əsas iştirakçılarından və təşəbbüskarlarından biridir. Bu qanundan gözləntilərimiz böyükdür. Qanun qeyri-peşəkarların bazardan çıxarılmasını, bazarın tənzimlənməsini və qiymətləndiricinin nüfuzunun daha da yüksəldilməsini təmin edəcək. Çox təəssüf ki, uzun illər ərzində AQC qiymətləndirmə sektorunda faktiki tənzimləməni həyata keçirsə də, inzibati təsir rıçaqları olmayıb. Qiymətləndirmə sektorunda özünütənzimləmə mexanizmlərinin formalaşması baxımından qanun mühüm əhəmiyyət kəsb edir. Qanuna müvafiq olaraq qiymətləndirici şəhadətnamələrinin əldə edilməsi məqsədilə imtahanlar təşkil ediləcək ki, bundan sonrakı mərhələ Azərbaycan Qiymətləndiricilər Palatasının yaradılmasıdır. AQC olaraq Palatanın formalaşması prosesində də yaxından iştirak etmək niyyətindəyik”. (azertac)
Xəbəri paylaş