Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Qazaxıstan arasında münasibətlərin yeni dövrü başlayır

Azərbaycan və Qazaxıstan arasında münasibətlərin yeni dövrü başlayır


Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə mühüm əhəmiyyətli Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması heç şübhəsiz ki, iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olacaq. Bunu Azərbaycan-Qazaxıstan münasibətlərinin ən yeni mərhələnin təməli kimi də qiymətləndirmək olar. Rəsmi Bakı münasibətlərimizin dərinləşdirilməsində maraqlıdır. Azərbaycan üçün Qazaxıstan qardaş ölkə olmaqla yanaşı, həm də strateji tərəfdaşdır. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə, xüsusən də Qazaxıstan ilə münasibətlərə mühüm əhəmiyyət verir. Bunu Prezident İlham Əliyevin son illərdə Mərkəzi Asiya ölkələrinə işgüzar və rəsmi dövlət səfərlərinin intensivləşməsindən də görmək mümkündür.

Eləcə də region dövlətlərinin başçılarının da Azərbaycana qarşılıqlı səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx əməkdaşlıq və müttəfiqlik münasibətləri qurduğu region ölkələri arasında Qazaxıstan aparıcı mövqe tutur. Bu da təbiidir. Bizi ilk növbədə dərin tarixi əlaqələr, soy, dil və din birliyi birləşdirir. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.

Eyni zamanda ölkələrimiz arasında dərin siyasi əlaqələr mövcuddur. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan da, Qazaxıstan da TDT-nın qurucuları sırasında yer alır. Və istər Bakı, istərsə də Astana Türk birliyinin getdikcə daha güclü siyasi, iqtisadi və hərbi gücə, qlobal aktora çevrilməsində maraqlıdır. Bu mənada Qazaxıstan da Azərbaycan və Türkiyə ilə birlikdə TDT çərçivəsində inteqrasiya proseslərinin güclənməsinə ciddi töhfə verir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana hazırkı səfərindən sonra bu istiqamətdə inteqrasiya addımlarının daha da sürətlənəcəyi qətiyyən şübhə doğurmur. Azərbaycan Prezident İlham Əliyevin martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatında vurğuladığı kimi Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək qarşımızda duran əsas vəzifələrdəndir. Bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası isə böyük iqtisadi inkişaf potensialına malikdir.

Azərbaycanla Qazaxıstan arasında mənəvi bağların, habelə dövlət başçıları arasında şəxsi dostluq münasibətlərinin də rolunu ayrıca qeyd etmək lazımdır. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və həm 44 günlük İkinci Qarabağ müharibəsi dönəmində, həm də lokal antiterror əməliyyatı zamanı ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını bizim təbii-tarixi hüququmuz kimi qiymətləndirib. Postmüharibə dönəmində də rəsmi Astana ölkəmizə mənəvi, siyasi dəstəyini davam etdirib, işğaldan azad olunan ərazilərdə bərpa-abadlıq prosesinə qoşulmağa hazır olduğunu bildirib. Kasım-Jomart Tokayevin şəxsi təşəbbüsü ilə Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası baş tutub. Bu gün həmin mərkəzin təntənəli açılışı da oldu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu, Qazaxıstanın Azərbaycana qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir. Bu mərkəz dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq.

Qazaxıstanla Azərbaycan həm də qlobal layihələrin icrası sahəsində ciddi iş birliyinə malikdir. Çin və Avropanı birləşdirən Transxəzər (Orta) Beynəlxalq Nəqliyyat Marşrutu Çindən Avropa Birliyi ölkələrinə qədər nəhəng bir coğrafiyada yük daşımalarının artırılmasına böyük tövhə verəcək ki, bu prosesdə də Azərbaycan və Qazaxıstan “açar ölkə”lər rolunu oynayacaq. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir. TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir.

Azərbaycan və Qazaxıstanın sıx dostluq və müttəfiqlik münasibətlərinə malik olması Şərqi Asiya ilə Avropa arasında qlobal əməkdaşlıq üçün yol açır. Başqa sözlə desək, Azərbaycan və Qazaxıstan regionları, qitələri birləşdirən nəhəng transkontinental layihələrin təşəbbüskarı kimi çıxış edir. Ölkələrimizin yaxşı mənada iddialı olmaları, böyük hədəflərə köklənmələri həqiqətən də təqdirəlayiqdir. Qazaxıstan və Azərbaycan birlikdə böyük uğurlara imza atacaq. Ölkələrimiz arasında münasibətlərin yeni dövrü başlayır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş