Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bizə Fransa kimi vasitəçilər lazım deyil

Bizə Fransa kimi vasitəçilər lazım deyil


"İstənilən vasitəçilik maraq dairəsində olur. Təbii ki, vasitəçilərin özlərinin də məsələ ilə bağlı maraqları var. Ən gözəli elə tərəflərin birbaşa ünsiyyəti idi. Azərbaycan və Ermənistan arasında müzakirə ediləcək kifayət qədər məsələlər var. Lakin burda qəliz elə bir məsələ yoxdur. Hər şey bizim tərəfimizdən kifayət qədər geniş şəkildə Ermənistana çatdırılıb. Burda problemli heç bir şey yoxdur. Əsas məsələ də Ermənistanın onu qəbul etməsidir".

Bu fikirləri Newscenter.az-a politoloq Zeynal Əmrəliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məqsədilə keçirilən Vaşinqton, Brüssel və Moskva platformalarının nəticə verməməsinin səbəblərindən danışarkən səsləndirib. Onun sözlərinə görə, ən ədalətli olan Ermənistanın Azərbaycanın haqlı, beynalxalq hüquqa söykənən tələbələrini qəbul edib 8 kəndi dərhal təhvil verməsi, Zəngəzur dəhlizinin açılmasına dəstək verməsi, sərhədlərin delimitasiyası zamanı ədalətli olmasındadır:

"Ermənistan bunları etməlidir. Könüllü etməsə bunu məcbur etməli olacaq. Vasitəçilik etmək istəyən ölkələrin sayı kifayət qədərdir. Lakin tərəflər bu məsələdə razılığa gəlməlidirlər. Elə bir müddət əvvəl Almaniyanın vasitəçiliyi ilə iki ölkə arasında danışıqlar getdi. Təbii ki, prosess davam edəcək. Ancaq ən doğru olan elə tərəflərin mümkün qədər birbaşa dialoqa üstünlük vermələridir".

Politoloq deyib ki, digər hallarda vasitəçi ölkələr prossesə çox müdaxilə edirlər:

"Birbaşa dialoqa daha çox üstünlük vermək lazımdır. Bu bizdə alınır. Əsirlərin dəyişdirilməsi, mina xəritələrinin verilməsi kimi məsələlərdə bunun müsbət nəticələrini gördük. Buna görə bu variant bizim üçün daha məqbuldur. Ancaq Azərbaycan ədalətli vasitəçilik səylərini də alqışlayır və onlarla uğurlu əməkdaşlıq edir. Hansısa bir dövlət uğurlu şəkildə bu işə tövhə verəcəksə niyə də olmasın. Yoxsa məsələn, bizə Fransa kimi vasitəçilər lazım deyil".

Süleyman
Xəbəri paylaş