“Tarixi köklərə bağlı olan Azərbaycan-Qazaxıstan münasibətləri günümüzdə daha da inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə çatıb. Təbii ki, burada təkcə siyasi və iqtisadi münasibətlər də mühüm rol oynayır. Dövlət başçıları arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri, eləcə də Bakı ilə Astananı iqtisadi sferada birləşdirən bir sıra irimiqyaslı layihələr ölkələr arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasına imkan yaradır. Ümumiyyətlə, iki ölkə arasında bütün istiqamətlərdə yüksək səviyyəli əməkdaşlıq mühiti mövcuddur. Hesab edirəm ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri çox uğurlu və məhsuldar keçir”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Qazaxıstan prezidentinin Azərbaycana dövlət səfərini şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, Qazaxıstanla Azərbaycan təkcə ikitərəfli sahədə deyil, eyni zamanda çoxtərəfli platformalarda yaxından əməkdaşlıq edir:
“İstər İslam Əməkdaşlıq Təşkilatı, istər Müstəqil Dövlətlər Birliyi, istərsə də İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində Qazaxıstanla Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlıq mühiti mövcuddur. Bakı ilə Astana arasında əlaqələrə, əməkdaşlığa xüsusi rəng qatan, təkan verən digər bir platforma Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqdır”.
İqbal Məmmədov qeyd edib ki, iki ölkə arasında iqtisadi sahədə də yüksək səviyyəli əməkdaşlıq mövcuddur:
“ Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin böyük tarixi var. Vaxtı ilə Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlağın, Quryevin neft mədənlərində səmərəli fəaliyyət göstəriblər. Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsində də əməkdaşlıq ediblər və bu ənənə bu gün də davam edir. Tam əminliklə deyə bilərik ki, Qazaxıstan prezidentinin Azərbaycana dövlət səfəri iqtisadi sahədə əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək”.
Astananın 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini diqqətə çatdıran millət vəkili, bu ölkənin işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılmasında da yaxından iştirak etdiyini deyib. İqbal Məmmədov bildirib ki, Füzuli rayonunda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsi bunun əyani sübutudur.
Anar Əliyev