“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 13 mart tarixində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib.
Newscenter.az xəbər verir ki, aksiya Pirşağı–Zabrat dəmiryol stansiyaları arasındakı sahədə təşkil olunub. Qurumun 100-dən çox əməkdaşının iştirakı ilə sözügedən ərazidə 1000 zeytun ağacı əkilib. Yeni əkilmiş ağaclar suvarılıb və gələcəkdə mühafizə edilməsi məqsədilə zəruri tədbirlər görülüb.
Həmçinin tədbir çərçivəsində aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb.
Qeyd edək ki, dəmir yolu xətləri boyunca yaşıllıq zonasının salınması istiqamətində ADY tərəfindən davamlı olaraq yaz-payız mövsümlərində qurumun müxtəlif xidmət sahələrinin ərazilərində ağacəkmə aksiyaları təşkil olunur.
Xatırladaq ki, 2023-cü ildən BMT-nin Qlobal Sazişinə üzv olan ADY öz fəaliyyətində ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetmə (ESG) prinsiplərini əsas götürür.
Belə ki, qurum bu istiqamətdə təşkil etdiyi tədbirlərə əsasən gənc əməkdaşları cəlb etməklə onların Dayanıqlı İnkişaf Məqsədlərinə dair məlumatlılığını artırmaq və Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin icrasında rolunu genişləndirməyi hədəfləyir.
Eyni zamanda ADY işğaldan azad olunmuş ərazilərdə “Yaşıl” iqtisadiyyata keçid, o cümlədən COP29 çərçivəsində maraqlı tərəflərlə əməkdaşlıq edir, təşəbbüsləri stimullaşdırır.
Süleyman