Azərbaycanda buzlaqların ərimə sürəti iki dəfə artıb.
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") deyib.
"Azərbaycanda daxildə formalaşan su ehtiyatlarının 90 %-i böyük və kiçik Qafqaz silsilələrində müşahidə olunan yağıntılar və buzlaqların əriməsi nəticəsində əmələ gəlir. Son 20 ildə Azərbaycanda dağlardakı buzlaqların əriməsi 13 kvadrat kilometrə çatıb. Ötən əsrin 60-cı illəri ilə müqayisə etsək o zaman buzlaqların əriməsi 0,56-0,58 % təşkil edirdisə 2000-ci illərdən sonra bu təxminən 1 %-ə çatıb.
Belə davam eləsə biz mövcud buzlaqların 80 %-ni 22-ci əsrin sonuna kimi itirəcəyik. Bu da o deməkdir ki, ölkədəki mövcud kiçik dağ çaylarının əksəriyyəti tamamilə quruyacaq", - deyə Ə. Şirinov qeyd edib.(report)