Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib.
AQC İctimaiyyətlə Əlaqələr Departamentindən Newscenter.az-a verilən məlumata görə, toplantıda fevral ayı ərzində cəmiyyətin gördüyü işlər, qarşıda nəzərdə tutulan layihələr, yeni üzvlərin qəbulu və cari mövzular müzakirə olunub.
AQC sədri Vüqar Oruc bildirib ki, cəmiyyətin sıralarına daha iki qiymətləndirmə şirkətinin qəbul edilməsinə qərar verilib. “Value Expert” MMC və “Caspro” MMC qiymətləndirmə şirkətləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) üzv qəbul ediliblər.
Toplantıda yaxın günlərdə “Daşınmaz əmlakın bütün növlərinin (yaşayış(mənzil və fərdi yaşayış, qeyri-yaşayış, torpaq sahələri) qiymətləndirilməsi” mövzusunda ənənəvi kursun keçirilməsi qərara alınıb. “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsinin icra vəziyyəti ilə bağlı AQC sədrinin məruzəsi dinlənilib. Mayın 31-də Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) Bakıda keçiriləcək “Zirvə Görüşü”nə hazırlıq məsələləri müzakirə olunub.
AQC sədri Vüqar Orucun Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat kafedrasının müdiri, tanınmış iqtisadçı alim Suqra Hümbətovanın sədrin müşaviri vəzifəsinə təyin edilməsi barədə sərəncamı İdarə heyəti tərəfindən təsdiq edilib. Beynəlxalq qiymətləndirmə standartlarının (BQS) Azərbaycan dilinə tərcümə variantının mütəxəssislər tərəfindən yoxlanılması tövsiyyə olunub.
Xatırladaq ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) qiymətləndiricilərin yeganə peşəkar platformasıdır və 60 qiymətləndirmə şirkətini öz ətrafında birləşdirir. 1999-cu ildə təsis edilən cəmiyyət Azərbaycanda qiymətləricilərin sertifikasiyanı aparan yeganə qurumdur. 2022-ci ilin may ayından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən olan – “Vecon Consulting” MMC qiymətləndirmə şirkətinin təsisçisi və direktoru, iqtisadçı ekspert Vüqar Oruc rəhbərlik edir.
Süleyman