Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təlimlər keçirilir.
Newscenter.az xəbər verir ki, təlimlərin əsas məqsədi məktəb idarəetməsində müasir yanaşmalar, hesabatlılıq və monitorinq ilə bağlı müvafiq yanaşmaların formalaşdırılmasından ibarətdir.
İki hissədən ibarət təlimlərin I mərhələsinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün 5 ballıq şkalaya uyğun olaraq 2-2,99 ballıq nəticə nümayiş etdirən namizədlər cəlb olunurlar. Daha sonra namizədlər təkrar müsahibəyə qatılacaqlar.
II mərhələdə isə 3-5 bal nəticə göstərərək müsahibədən uğurla keçmiş namizədlər vəzifə üzrə təyinat alacaqlar.
Təlimlərin ilk günündə BŞTİ-nin müdir müavini Anar Məmmədov təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün 2-2,99 ballıq nəticə nümayiş etdirən namizədlərə təqdimatla çıxış edərək idarəetmədə çevik, effektiv mexanizmlərin qurulması, əlçatanlığın təmin olunması, tədris prosesinin keyfiyyətli təşkili və tənzimlənməsi, valideynlərlə effektiv kommunikasiyanın yaradılması, məktəblərin daxili nizam-intizam qaydalarının nəzarətdə saxlanmasının vacibliyindən danışıb.
Daha sonra müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
R.Mehdiyeva