"Artıq bir neçə ildir ki, Azərbaycan paytaxtı qlobal proseslərin müzakirə edildiyi məkana çevrilib. Gününüzdə dünyamızı narahat edən başlıca problemlər məhz Azərbaycan paytaxtında müzakirə olunur. Bu da Azərbaycanın beynəlxalq aləmdə yerinin və rolunun əsas göstəricisi sayıla bilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Qlobal Bakı Forumunun əhəmiyyətindən danışarkən səsləndirib. Sayca XI olan foruma olan marağın da ildən-ilə artdığını deyən Arzuman Muradlı hesab edir ki, bu forum həmçinin indiki məqamda Azərbaycanın haqq səsinin, haqlı mövqeyinin dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir:
"Bildiyiniz kimi, İkinci Qarabağ Müharibəsindən sonra bəzi Avropa ölkələrində Azərbaycana qarşı qərəzli münasibət formalaşıb. Açıq-aşkar Ermənistanın mövqeyini müdafiə edən həmin dairələr Azərbaycanı olmayan bir şeylərə görə əsassız olaraq günahlandırır, ölkəmizdə insan hüquq və azadlıqları baxımından problem olduğunu iddia edirlər. Bu kimi tədbirlər isə dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn qonaqlara mövcud vəziyyətlə yaxından tanış olmaq, əsl həqiqəti görmək imkanı yaradır".
Süleyman