Azərbaycanla Gürcüstan arasında münasibətlər təkcə siyasi əlaqələrlə məhdudlaşmır, münasibətlər iqtisadi, mədəni əlaqələrlə də möhkəmlənir. Gürcüstan Gürcüstanda yaşayan azərbaycanlıların da Vətəni olduğu kimi, Azərbaycan da Azərbaycanda yaşayan gürcülərin Vətənidir. Neçə əsrlərdi bu iki xalq mehriban qonşuluq şəraitində yaşayır.
Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələr beynəlxalq əlaqələr səviyyəsində inkişaf etdirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biri olacaqdır. Yaxın vaxtlarda bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq, fəaliyyəti bir çox ölkələrin də diqqətini çəkəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bunlar haqqında da məlumatlar verdi, qeyd etdi ki, “Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuat konfransında həm də regionda siyasi vəziyyəti hərbi vəziyyətə gətirən səbəblərdən, bu vəziyyəti aradan qaldıran qətiyyətdən də söz açdı: “Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək”.
Azərbaycn Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuat konfransında dediyi kimi, “Bizim şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir”.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəyindən də danışılan mətbuat konfransında qeyd olunduğu kimi, ölkələrimiz arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri də həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.
Azərbaycanla Gürcüstan arasında münasibətlər dünyəvi siyasətin tələbləri səviyyəsində qurulub...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı