“Azərbaycan-Gürcüstan münasibətləri təkcə siyasi, iqtisadi və mədəni əlaqələrlə kifayətlənmir. İki ölkə arasında dərin tarixi köklər vardır. Eyni zamanda yaxın qonşuluq münasibətləri Bakı ilə Tbilisi arasında əlaqələrin inkişafında mühüm faktor rolunu oynayır”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfərini şərh edərkən səsləndirib. İctimai Birlik sədri Kobaxidzenin Baş nazir kimi ilk rəsmi səfər etdiyi ölkələrdən birinin məhz Azərbaycanı seçməsini də məhz ikitərəfli əməkdaşlığın yüksək göstəricisi kimi xarakterizə edib:
“Gürcüstanla Azərbaycan arasında əlaqələr təkcə iki qonşu ölkə səviyyəsində olan əməkdaşlıq deyil. Hər iki ölkənin beynəlxalq əhəmiyyətli layihələrdə birgə iştirakı Bakı ilə Tbilisini qlobal səviyyədə də bir-birinin strateji tərəfdaşı kimi tanıdıb. Bu sıraya Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrini aid etmək olar. Məhz həmin layihələr iki ölkə arasında iqtisadi sahədə də yüksək səviyyəli əməkdaşlıq mühiti yaradıb. Yaxın perspektivdə hər iki ölkə yaşıl enerji sahəsində də əməkdaşlığı inkişaf etdirə bilər. Çünki bunun üçün kifayət qəsər potensial var”.
Arzuman Muradlı deyib ki, Gürcüstanın yeni hökuməti Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsini zəruri hesab edir və İraklı Kobaxidzenin səfəri də məhz bu zərurətdən irəli gəlirdi:
“Əminliklə demək olar ki, Gürcüstan-Azərbaycan əlaqələri yaxın gələcəkdə daha da inkişaf edəcək və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyacaq.
Süleyman