“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatı tərəfindən fevralın 13-də elan olunmuş qrant müsabiqəsinə layihələrin qəbulu prosesi başa çatıb. Xatırladaq ki, müsabiqə üzrə ayrılmış qrant məbləğləri hər layihə üçün 17.000- 42.000 AZN- ni əhatə edir.
Newscenter.az xəbər verir ki, bu barədə təşkilatın proqram meneceri Elnur Kələntərov məlumat verib. Bildirib ki, layihələrin icra təklifləri paytaxt daxil olmaqla 30 şəhər və rayonu, o cümlədən 3 iqtisadi rayonu əhatə edir. Təkliflər sırasında say etibarı ilə müxtəlif benefisiar qrupa xidmət edən Məşğulluq/ Biznes/ Karyera layihələri (24 layihə) üstünlük təşkil edir.
15 təklif şəhid ailələri və müharibə iştirakçılarına istiqamətlənmiş psixososial dəstək layihələri, 21 təklif isə təhsilə, o cümlədən qızların təhsilinə yönəlik layihələrdi.
Daha 22 layihə təklifi isə səhiyyə xidmətlərinin əlçatanlığı, fiziki məhdudiyyətli qruplarla iş, film və kitab istehsalı, narkomaniya və aludəçilik, gənclərlə iş və turizmin inkişafı mövzularını əhatə edir.
Hazırda müsabiqənin qəbul komissiyası tərəfindən təkliflər təhlil edilir. Müsabiqənin qalibləri cari ilin aprel ayının 10-da ictimaiyyətə təqdim olunacaq. Qrant müsabiqəsini qazanmış layihələr Təşkilatın https://forazerbaijan.org portalında dərc olunacaq.
Süleyman