Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndidə yandırılan Torpaq Çərşənbəsinin tonqalı bütün torpaqlarımıza işıq saçacaq

Xankəndidə yandırılan Torpaq Çərşənbəsinin tonqalı bütün torpaqlarımıza işıq saçacaq


Bu il ilk Zəfər məşəlimiz, bayram tonqalımız Xankəndidə alovlandı. Prezident İlham Əliyev martın 18-də Xankəndi şəhərində bayram tonqalını yandırdı və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi. Bu da gözlənilən idi. Altı ay əvvəl, 2023-cü ilin 19-20 sentyabrında, cəmi bir gündən də az davam edən antiterror əməliyyatı nəticəsində öz suverenliyimizi tam bərpa etdikdən sonra, bu il ilk dəfə olaraq Novruz şənliklərinə məhz qədim Azərbaycan torpağında, Pənahəli xan tərəfindən salınmış Xankəndidən başlamağımız bizim tarixi haqqımızdır.
Burada zamana və Tanrıya bağlı ilahi qanunauyğunluq, ardıcıllıq da var. Cənab Prezidentin təbrik nitqində qeyd etdiyi kimi bununla artıq dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpaqlarında qalanır. Bundan əvvəl, 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində qalanan bayram tonqalımız, bu dəfə isə Xankəndi şəhərində yandırıldı. Prezidentin Xankəndinin mərkəzi meydanında yandırdığı tonqal Zəfər tonqalımızdır. Bu mənada Xankəndi şəhərinin əsas meydanının “Zəfər meydanı” adlandırılması təsadüfi deyil. Qələbəmizin rəmzlərinə çevrilən Zəfər tonqalı da, Zəfər meydanı da işğalçı haylara əsl göz dağı oldu.

Dövlət başçımızın vurğuladığı kimi, əgər 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olsaydı, o zaman antiterror əməliyyatının keçirilməsinə də əsla ehtiyac olmazdı. Lakin təəssüflər olsun ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmaq əvəzinə, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda saxlamaq, separatçılığı daha da körükləmək və beləliklə, burada vaxtilə qanunsuz olaraq yaradılmış qondarma, dırnaqarası “Dağlıq Qarabağ respublikası”nı yaşatmaq yolunu seçmişdi. Azərbaycan təbii ki, bu vəziyyətlə barışa bilməzdi. Ona görə də biz lokal antiterror əməliyyatı keçirməklə beynəlxalq hüquq çərçivəsində öz suverenliyimizi bərpa etdik.

Ümumiyyətlə, istər 44 günlük müharibə dönəmində, istərsə də antiterror əməliyyatı zamanı Azərbaycanın bütün qərar və addımları beynəlxalq hüquqa əsaslanıb. Prezident İlham Əliyevin söylədiyi kimi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz döyüş meydanında bərpa etmişik. Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı da beynəlxalq hüququn təmin olunması deməkdir. Bu, eyni zamanda, Azərbaycan xalqının əyilməz ruhunun, həmrəyliyinin, birliyinin təntənəsidir. Bu mənada dövlətimizin başçısı tamamilə haqlı olaraq qeyd etdi ki, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. Bəli, biz hər kəsə göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.

Bu qələbələrin qazanılması, torpaqlarımızın işğaldan azad edilməsi üçün xalqımızın bir çox igid oğulları öz canlarını qurban veriblər. Dövlət başçımız bütün şəhidlərimizin ruhlarına Allahdan rəhmət diləyərək qeyd etdi ki, şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq, bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır, bərpa-quruculuq işləri uğurla davam etdirilir, geniş quruculuq işləri aparılır. Biz artıq keçmiş köçkünlərin bir hissəsini öz dədə-baba torpaqlarına – Laçına, Ağdama, Füzuliyə, Zəngilana, Cəbrayıla qaytara bilmişik və bu proses bu il də davam edəcək. Belə ki, bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar.

Bir sözlə, bu il bərpa edilən bir sıra şəhər və kəndlərimizdə həyat yenidən qaynayacaq. Cənab Prezidentin vurğuladığı kimi biz hamımız fəxr edirik ki, özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Bundan sonra Qarabağın, Şərqi Zəngəzurun hər guşəsində tonqallarımız gur yanacaq. Ağalıda, Zabuxda, Suqovuşanda, Cocuq Mərcanlıda açılan bayram süfrələrindən bütün torpaqlarımıza pay düşəcək. Torpaq bütünlüyümüzün təmin olunmasının zirvəsi sayılan Xankəndidə yandırılan Torpaq Çərşənbəsinin tonqalı bütün torpaqlarımıza işıq saçacaq!

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş