Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanı kim silkələdi?

Rusiyanı kim silkələdi?



Moskvada baş vermiş məlum terror hadisəsi Avrasiyanın 9/11-i sayıla bilər. Bölgənin nüfuz dairəsinə bölünmə prosesi daha da sürətlənəcək. Hadisədən iki həftə öncə ABŞ və Birləşmiş Krallığın xüsusi xidmət orqanlarının məlumatlı olması və bu barədə Moskvanı məlumatlandırması fonunda FSB-nin bunu qulaqardı etməsi ağılabatan deyil. Yəqin ki müvafiq “tədbirlər” görülüb.

Terror hadisəsinin özünün xronikası da bu əməliyyatın terrorçuların təkbaşına həyata keçirdiyi əməliyyata uyğun olmadığını göstərir. Terrorçular həm kütləvi qırğın törətdilər, həm binanı yandırdılar, həm də bir nəfər də ələ keçmədən qaçıb getdilər.

Hadisənin günahkarı kimi Ukraynanın təqdim edilməsi Rusiyaya heç nə verməyəcək. Çünki Rusiya Ukraynadan almaq istədiyini mövcud əməliyyatlarla da ala biləcək. İŞİD-in də özünü “ortaya atması” və mən də varam demək arzusu qəribə görünür. Rusiyada İŞİD-in dini motivli terror etməsinin ciddi dayaqları və əsasları yoxdur. İslama və müsəlmanlara qarşı kifayət qədər loyal və xoş siyasətə aparılır. Hətta Qurani-Kərimə istənilən formada xoş olmayan münasibətlər barədə Federal qanunla tədbir görülür, cəza tətbiq edilir. Ona görə də İŞİD məsələsi ciddi bir fikir kimi qəbul edilməyəcək.

Amma təəssüflə deyə bilərik ki, bu məsələdə İŞİD hansısa güclərin maşası kimi istifadə edilə bilər. Amma bu Rusiyanın görəcəyi tədbirlərə və hədəflərlə bağlı planlara mane olmayacaq. Rusiya bu hadisənin miqyasının böyüklüyündən istifadə edib “böyük oynayacaq”. O, Avropanı silkələyə bilər.

Rusiyanın buna gücü və tarixi təcrübəsi imkan verəcək.
Avropanın və Avropada “atamanlıq” etmək istəyən Fransanın da “qulağının çəkilməsi” bu fonda baş verə bilər. Moldova, Ermənistan Fransanın tərəfdaşlıq etdiyi ölkələr kimi cəzalana bilər.

Nəticədə Fransa Afrikadan sonra Avrasiyada da sıxışdırılacaq. Fransanın zədələnməsi ABŞ və Birləşmiş Krallığın da maraqları ilə üst-üstə düşür. Fransa və BK dünyada bir-biriləri ilə ən çox və uzunmüddətli müharibə aparan dövlətlərdir və bu rəqabət indi də müxtəlif formalarda davam edir. ABŞ isə Fransanı ona görə yerinə oturtmaq istəyir ki, Fransa “ABŞ-siz Avropa” və “Avropa NATO-su” layihələrinin ideya müəllifi və aparıcı oyunçusudur. Bu məqamda Rusiyanın güc və “hard power”li nüfuz qazanması onu Çindən daha aktiv dövlətə çevirəcəkdir.

Nə isə ki, dünyanı maraqlı bir yenidən dizayn olunma dövrü gözləyir.

Hər bir halda günahsız insanların həlak olması təəssüfverici haldır. Amma Stalin demiş, bir nəfərin ölməsi faciə, yüz nəfərin ölməsi statistikadır. Rusiya bu “statistika fürsəti”ni əldən buraxmayacaq!.

Emin Əliyev
Beynəlxalq münasibətlər üzrə ekspert
Xəbəri paylaş