22 mart tarixində Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında aralarında bir nəfər azərbaycanlı da olmaqla çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli terror aktı ilə əlaqədar dərin kədər hissimizi ifadə edir və uzun illər boyu terrorizmdən əziyyət çəkmiş bir xalq kimi, bir ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyirik.
Təəssüf ki, azğın terror yenidən müdafiəsiz, dinc insanları hədəf alıb. Sabitlik hər bir dövlət üçün çox mühüm amildir. Terror isə birbaşa sabitliyə zərbə vurur, insan itkilərinə yol açır. Sifarişçilərin və təşkilatçıların kimliyindən, icraçıların milli mənsubiyyətindən, eləcə də teraktın motivinin nə olmasından asılı olmayaraq hər yerdə günahsız, dinc insanların tələfatı ağır faciədir. Odur ki, terrorun motivi, hədəfi nə olursa-olsun, qəbuledilməzdir.
Biz terrorun amansız, acımasız üzünü yaxşı bilirik. Azərbaycan zaman-zaman Ermənistan dövlətinin və erməni terror təşkilatlarının xain hücumlarına, qanlı teraktlarına məruz qalmış ölkədir. Erməni terrorizmi bu gün də Cənubi Qafqazda və dünyanın ayrı-ayrı guşələrində sabitliyi, təhlükəsizliyi təhdid edir. Sabah Moskvadakı teraktın da altından erməni “iz”i ortaya çıxarsa, biz buna da əsla təəccüblənmərik.
Heç bir ölkə terrordan, bu və ya digər təxribatlardan sığortalanmayıb. Moskvada baş verən dəhşətli terakt da bu acı həqiqəti təsdiqləyir. Biz Rusiya xalqına və terakt zamanı həyatını itirənlərin ailələrinə, yaxınlarına başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik. Allah dünyamızı insanlıqdan, mərhəmətdən məhrum terror quzğunlarından qorusun!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri