Ukrayna cəbhəsində Rusiyanı gözlənildiyinin əksinə olaraq məğlub edə bilməyən Birləşmiş Ştatlar və Qərb, Avropa İttifaqı bir müddətdir ki, antiRusiya fəaliyyətini Cənubi Qafqaza yönəldib. Əvvəl qısamüddətli mülki missiya ilə regiona gələn Avropa İttifaqı, daha sonra bu prosesin uzun müddətə çevirərək Cənubi Qafqazda oturuşmağa başladı. Əslində Avropa İttifaqının bu məkirli planı həm də Azərbaycan üçün hesablanıb. Sözügedən missiyanın məhz Azərbaycanla şərti sərhəd boyunca yerləşdirilməsi həm də Qərbin, Avropanın antiAzərbaycan oyunudur. Qərb, Avropa ikiüzlü siyasət həyata keçirib, oyun oynayaraq Ermənistan üzərindən həm Rusiya, həm də Azərbaycana təzyiq göstərmək istəyir. Çünki onun üçün Cənubi Qafqazda sülh və sabitlik arxa plandadır. Əks halda Ermənistanı silahlandırmaqla regionda yeni bir gərginlik yaratmağa çalışmazdılar. Bu günlərdə Ermənistan parlamentinin Azərbaycanda sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı ratifikasiya etməsi bütün bu oyunların tərkib hissəsidir.
Məlumat üçün qeyd edək ki, sözügedən missiya 2023-cü ilin yanvarında yaradılıb, dekabrda isə missiya iştirakçılarının sayı 138-dən 209 nəfərə qədər artırılıb. Ermənistan parlamentinin məhz indi razılaşmanı ratifikasiya etməsi təsadüfi deyil.
Göründüyü kimi, Qərb Cənubi Qafqazda yeni nüfuz bölgüsü həyata keçirir və formalaşmış geosiyasi konfiqurasiyanı dağıtmaq planları qurur. Bu, bütün regionda ciddi təlatümlər, yeni müharibələr və qarşıdurmalar vəd edir.
Hazırda ABŞ-ın da bu prosesə qoşulması və missiyanın tərkibində öz hərbçilərini Ermənistana göndərmək planları faktiki olaraq Qərbin Ermənistanda öz hərbi bazasını yaratması deməkdir.
Bütün bunlar onu deməyə əsas verir ki, Avropa İttifaqı ilə yanaşı Birləşmiş Ştatlar da Cənubi Qafqaz əvəzinə militarizasiya olunmuş və silah-sursatla doldurulmuş, barıt çəlləyini xatırladan region istəyir.
Süleyman İsmayilbəyli