"Zaman-zaman yerləşdiyimiz coğrafiyada, yaxın qonşularımızda baş verən xoşagəlməz olaylar, təhlükəsizliyi təhdid edən hadisələr Azərbaycan dövlətinin ölkənin quru sərhədlərini bağlı saxlamaqda nə qədər haqlı olduğunu sübita yetirib. Ən son Moskva vilayətində yüzlərlə insanın həyatına son qoyan məlum terror hadisəsi bunu bir daha təsdiqlədi ki, quru sərhədlərimizin bağlı qalması daha məqsədəuyğundur".
Bu fikirləri Newscenter.az-a Təhsilə Dəstək və Maarifləndirmə İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli səsləndirib. İctimai Birlik sədrinin sözlərinə görə, quru sərhədlərimizin bağlı olması turizm sektoru üzərindən iqtisadiyyatımıza nə qədər mənfi təsir göstərsə də, lakin bütün halda ölkənin, onun vətəndaşlarının təhlükəsizliyi ən başlıca amildir:
"Azərbaycan dövləti və onun rəhbəri üçün ən başlıca amil vətəndaşlarının təhlükəsizliyi, ölkədə ictimai-siyasi sabitliyin davamlı olmasıdır. Bu gün bir sıra dairələr quru sərhədlərinin bağlı olmasını sanki faciə kimi xarakterizə edir, hətta buna görə qərəzli, heç bir əsası olmadan hakimiyyəti tənqid edirlər. Lakin onlar unudurlar ki, ən böyük faciə məhz quru sərhədlərinin açılmasından sonra baş verə bilər. Azərbaycanda ictimai-sabitliyi pozmaq istəyən, burada terror həyata keçirməyə çalışan kifayət qədər qüvvələr var. Onların arasında erməni terror təşkilatlarından tutmuş Azərbaycanda xaos yaratmağa çalışan xarici dairələrin təxribatçı qruplaşmalarına qədər hər kəsin adını qeyd etmək olar".
İctimai Birlik sədrinin sözlərinə görə, xüsusilə İkinci Qarabağ Müharibəsindəki tarixi zəfərimiz və antiterror tədbirləri ilə erməni separatizminin məhv edilməsindən sonra erməni terror təşkilatları daha da azğınlaşıb və Azərbaycana zərbə vurmaq üçün imkan axtarırlar:
"Ona görə də quru sərhədlərini açmaqla biz həmin imkanı erməni terror təşkilatları və onları himayə edən xarici dairələrə verməməliyik".
Nərgiz Əzizova