Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Qafqazın Rusiya və Qərb arasında döyüş meydanına çevrilməsində maraqlı deyilik

Cənubi Qafqazın Rusiya və Qərb arasında döyüş meydanına çevrilməsində maraqlı deyilik


Qərbin bütün mümkün vasitələrlə Rusiyanı Cənubi Qafqaz regionundan sıxışdırıb çıxarmaq istəməsi hər kəsə məlum olan faktdır. Bu məqsədə çatmaq üçün Qərbin əlində yeganə mümkün vasitə Ermənistandır və Qərb də Ermənistanı bu oyunun içərisinə çəkmək üçün bütün imkanlardan istifadə edir. Odur ki, Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə görüşməyə hazılaşması və Avropa İttifaqı - Ermənistanna -ABŞ konfransının keçirilməsi də bu oyunun tərkib hissəsidir.

Böyük ehtimalla bu tədbirdə ABŞ və Avropa İttifaqı Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya, Niderland arasında ikitərəfli sazişlər kimi Ermənistana da təhlükəsizlik zəmanətləri vermək üçün hansısa paktın imzalanması müzakirə olunacaq. Ermənistanın isə bunun nə qədər ziyanlı yol olduğunu bilə-bilə bu avantürada iştirak etməkdən başqa yolu yoxdur. Çünki davamlı təzyiqlər nəticəsində Ermənistan artıq neçə ildir ki, bu və ya digər formada Rusiyaya qarşı mövqe ortaya qoyur. KTMT iclaslarının baykot edilməsi, Putinin həbsinə imkan verən Roma Statutuna qoşulmaqla bağlı qərar, Hava lmanından Rusiya sərhəd qoşunları nümayəndələrinin çıxarılması üçün edilən müraciət, Rusiyanın bütün etirazlarına baxmayaraq Ermənistandakı Avropa İttifaqı müşahidə missiyasının statusunun təsdiqi, eləcə də Ermənistan banklarının martın 30-dan etibarən Rusiyanın "Mir" ödəniş sistemi kartlarının qəbulunu dayandıracağı ilə bağlı qərar verməsi bunun bariz sübutudur.

Amma bunlar yetərli deyil. Qərb ümumiyyətlə Ermənistandakı Rusiya hərbi bazasının çıxarılmasını və Ermənistanın KTMT-dən çıxmasını, eləcə də Rusiyadan boşalacaq yerə Qərb hərbi qoşunlarının yerləşdirilməsini tələb edir. Ermənistanla təhlükəsizlik zəmanəti ilə bağlı paktın imzalanması üçün təkliflər də buradan qaynaqlanır.
Azərbaycan tərəfi dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Biz Avropa İttifaqının mülki missiyasının mandatına uyğun olaraq, tam şəkildə neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsini, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək istənilən fəaliyyətdən çəkinməklə bağlı çağırış etmişik. Eyni şəkildə onu da bildirmişik ki, Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş addımlar və vədlər, Fransa və Yunanıstanın Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müqavilələri, eləcə də Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları regionda sülh quruculuğu səylərinə xələl gətirir.

Biz Cənubi Qafqazın Rusiya və Qərb arasında döyüş meydanına çevrilməsində maraqlı deyilik. Azərbaycanın müstəqil xarici siyasət kursu var və bu kursa uyğun olaraq da balanslı siyasət yürütməkdə davam edir. Rəsmi Bakının Qərbin və hər hansı digər bir diplomatik mərkəzin sifarişlərini icra etmək niyyəti yoxdur.

Regionumuzun Qərb və Rusiya arasında döyüş meydanına çevrilməsi cəhdləri təbii olaraq bütün region ölkələri üçün ziyanlıdır. Amma bütün bunlardan ən çox ziyan çəkəcək ölkə yenə də Ermənistan olacaq.

Yusif Bağırzadə-politoloq

NEWSCENTER.AZ üçün
Xəbəri paylaş