“Birdən ayağının altından xoş bir gizilti keçdi və bu ani titrəyiş bütün bədəninə yayıldı. Bu giziltinin nə ilə bağlı olduğu hansı möcüzə iləsə, ona o saat əyan oldu; ayaqlarının altı kənddə evlərindən bir xeyli aralı, çayqırağı uzanan, hələ şumlanmamış, yaz günəşinin altında yaxşıca qızmış, yupyumşaq tütün yerindəki torpağı xatırlamışdı; 20-30 il bundan əvvəl uşaq vaxtı, hey belədən-elə, elədən-belə ayaqyalın, yarıçılpaq qaçdığı torpağın varlığını...”
Bu sətirlər yazıçı, Qərbi Azərbaycanın Göyçə mahalının fəxri Rüstəm Dastanoğlunun “Torpağın ruhu” adlı hekayəsindəndir. Basarkeçər rayonu Qaraqoyunlu kənd sakinləri və Qaraqoyunlu kökənli gənclərlə Gəncə şəhərində “DAN ULDUZU” şadlıq sarayında Novruz bayramı ilə bağlı keçirdiyimiz tədbirdə məhz bu hissləri keçirdim. Bir anlıq uşaqlığıma, doğma kəndimə, el-obama qayıtdım.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdikdən sonra yurdumuza bir addım da yaxınlaşdıq. Bunun nəticəsidir ki, indi biz göyçəlilər, qaraqoyunlular Novruzu birgə qeyd edirik. Birlikdə Vətən, yurd toxumunu cücərdirik.
Qaraqoyunlularla görüşdə doğma yurd-yuvalarımızı vəsf etmək üçün ən gözəl sözlər belə, aciz qalmışdı. Vətən bağlılığı və sevgisi sözlə ifadə edilməyəcək bir məfhumdur. Vətən təəssübü, yurd ağrısı çəkən, körpəlik, uşaqlıq, gənclik, qocalıq illərinin şirinliyini itirənlərin ahından asılmışdı Göyçə, Qaraqoyunlu! Gözü bir-birinin üzündə olan Qaraqoyunluların, hamının qəlbindən keçənləri nisgil dolu gözlərindən aydınca oxuyurdu. Bir-birimizdən qopmayaq, ayrılmayaq, yadlaşmayaq.
Basarkeçər rayon Qaraqoyunlu kənd icmasının İdarə Heyətinin üzvü, tanınmış iş adamı Rübail Nəsibov çıxış edərək Qaraqoyunlularla görüşün əlamətdar bir dövrə təsadüf etdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü tam təmin edib, Xocalıda, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xankəndidə üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandırıb, xalqımıza böyük sevinc yaşadıb.
Bununla da tarixi ədalətin tam bərpa olunduğunu, bütün məcburi köçkünlərin doğma el-oba, yurd həsrətinə birdəfəlik son qoyulduğunu diqqətə çatdıran Rübail Nəsibov Göyçə, Zəngəzur, İrəvan, Dərələyəz həsrətli soydaşlarımızın da belə bir sevinc yaşamasını arzuladı. O, Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasından, yeni inzibati bina ilə təmin olunmasından, Prezident İlham Əliyevin öz doğum günündə İcmanın binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsindən, orada səsləndirdiyi fikirlərdən, tarixi torpaqlarımıza qayıtmaq üçün qarşıya qoyulan hədəflərdən, həyata keçirilən siyasətdən də geniş söhbət açdı. Bildirdi ki, nəyi necə, nə zaman etməli olduğunu yaxşı bilən dövlət başçısı İlham Əliyev indiyə qədər xalqına verdiyi bütün vədləri yerinə yetirib və tarixi torpaqlarımıza dinc şəkildə qayıdışımızın təmin olunması ilə bağlı səsləndirilən fikirlər, verilən vədlər də mütləq həyatda öz təsdiqini tapacaq. Və bizlər də öz elimizə, obamıza doğma Qaraqoyunlumuza qayıdacağıq.
Basarkeçər rayonu Qaraqoyunlu kənd İcma sədri Tahir Kərimov Qaraqoyunlu kəndinin tarixindən, yetişdirdiyi şəxsiyyətlərdən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması üçün Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində iştirak edən, öz sahəsində fəaliyyəti ilə dövlətçiliyin daha da güclənməsinə töhfə verən, hər sahədə böyük uğurlar qazanan Qaraqoyunlulardan danışdı. Vurğuladı ki, Birinci və İkinci Qarabağ müharibəsində kəndimizdən 200-yaxın nəfər iştirak edib, onlardan 17-i nəfər şəhidlik zirvəsinə ucalıb. İcma sədrinin sözlərinə görə, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edərək qəhrəmanlıq nümunəsi göstərənlər müxtəlif orden və medallarla təltif olunublar.
Tibb elmlər doktoru, professor Firuz Nəsibov Qaraqoyunlu kənd sakinlərinin elmə, təhsilə bağlı olduqlarını da diqqətə çatdırıb. Bildirib ki, hazırda yüzlərlə Qaraqoyunlu sakini müxtəlif elmi sahələrdə çalışır, peşəkar həkim kimi vətəndaşların sağlamlığının, peşəkar müəllim kimi təhsilimizin keşiyində dayanır. O, təhsilə, elmə, özünü inkişaf etdirməyə olan marağın bu gün Qaraqoyunlu kökənli gənclər tərəfindən davam etdirildiyini, yaxşı bir ənənənin qorunub saxlanıldığını vurğuladı.
Texnika üzrə fəlsəfə doktoru, dosent Aqşin Kərimov, hər il qəbul imtahanlarında iştirak edən və tələbə adını qazananlar arasında Qaraqoyunlu kökənli gənclərin sayının çox olmasını qeyd etdi. Həmin gənclərin sadəcə Qaraqoyunluların deyil, ümumən Azərbaycanın fəxri olduqlarını, gələcəkdə daha böyük uğurlara imza atmaqla və peşəkar fəaliyyətləri ilə xalqımıza, dövlətçiliyimizə, milli maraqlarımıza şərəflə, ləyaqətlə xidmət edəcəklərinə əminlik ifadə etdi.
Sonra QAİ Basarkeçər rayon icma sədrinin müavini İlqar İsmayıl çıxış edərək, İcmanın fəaliyyəti və qarşısında duran vəzifələr, Qaraqoyunlu kənd icmasında yeni yaradılan bölmələr və təyinatlar, həmçinin görüləcək işlər barədə də ətraflı məlumat verdi.
Görüşdə Qaraqoyunlu kənd icmasının digər üzvləri; Nəsibov Nəsir, Həsənov Həsən, Kərimov Cavanşir, Mahir Kərimov, Qəhrəmanov Məhərrəm, İlyas Məmmədov, Ceyhun Əliyev, Şəmsəddin Bayramov, Qəhrəmanov Nadir, Ağayev Möhsüm, Nəsibov Famil, Hacıyev Rəhman, Hüseynov Vüqar, Qurbanov Əmrah, Kərimov Rəşid, Qurbanov Müsahim, Kərimov Nəvai, Nəsibova Şəfiqə, Qəhrəmanova Aybəniz, Zeynalova Südabə, Salmanova Afaq, Şəlalə Vilayət qızı, Cahanova Solmaz, Ağayeva İfadə, Nəsibova Bəsti, Kərimov Yasib, Alməmmədov Elçin, Orucov Gürzalı, Hüseynov Ağəli, Nəsibov Abdulla, Bayramov İsgəndər, Hacıyev İsmayıl, Nəsibov Yaqub, Nəsibov Sənhan, İsmayılov İlham, Nağıyev Sövdar, Kərimov Aqil, Hüseynov Səməd, Hüseynov Mədəd və digərləri çıxış edərək öz fikirlərini bildirdilər.
Görüşdə iştirak edən gənclər də özlərini təqdim edərək, təhsil aldıqları istiqamət, ixtisasları, fəaliyyətləri, gələcəyə dair arzuları və planları barədə danışaraq, belə bir görüşün təşkilinə görə səmimi minnətdarlıqlarını ifadə etdilər.
Aqşin Kərimov
Texnika üzrə fəlsəfə doktoru, AzMİU-nun dosenti