Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan iş adamları Özbəkistanda səfərdə olublar-FOTOLAR

Azərbaycan iş adamları Özbəkistanda səfərdə olublar-FOTOLAR


Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) təşkilatçılığı ilə 22-26 mart tarixlərində Azərbaycandan 17 iş adamı Özbəkistana səfər edib.

Newscenter.az-ın verdiyi xəbərə görə, səfər zamanı Azərbaycandan gəlmiş nümayəndə heyətinin Özbəkistanın paytaxtı Daşkənd və Səmərqənd şəhərləri ilə tanışlığı olub, tarixi məkanları ziyarət ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib, Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev ilə görüş keçiriblər.

Görüş zamanı, səfir Hüseyn Quliyev son illərin Azərbaycan-Özbəkistan münasibətləri üçün uğurlu olduğunu, ölkə başçılarının qarşılıqlı səfərlər reallaşdırdıqlarını, dövlətlərimiz arasındakı münasibətlərin artıq strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. Diplomat həmçinin Özbəkistanda yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi həyatındakı rolu, iş təcrübəsi və biznes həyatı barədə qonaqlara ətraflı məlumat verib.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Daşkənd Kimya Texnologiya Institutunda da olub və təhsil ocağının beynəlxalq əlaqələr üzrə prorektoru Zebo Babaxanova, İnstitutun biznes əlaqələri üzrə rektor müşaviri Ruslan İmanzadə, eləcə də istehsalat və biznes əlaqəsi üzrə prorektoru Ənvər Şirnayev ilə görüşüblər. Görüşün sonunda qonaqlara xatirə plaketləri təqdim edilib.

Məlumat üçün onu da bildirək ki, səfər zamanı ATUİAB sədri Ruslan İmanzadə ilə Azərbaycan nümayəndə heyətinin üzvü, biznes məsləhətçisi Fəxri Ağayev arasında əməkdaşlıq sazişi imzalanıb. Sənədə əsasən 1 il ərzində ATUİAB Fəxri Ağayevin Özbəkistanda biznes sahəsinə aid olan seminarlarını təşkil edəcək.



Süleyman İsmayılbəyli
Xəbəri paylaş