Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Newscenter.az xəbər verir ki, tədbir mayın 1-3-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə birgə təşkil olunacaq.
Forumun plenar iclaslarında və panel müzakirələrində onun iştirakçıları nifrətə qarşı çıxmaq, birgəyaşayış və sülh dəyərlərini tanıtmaq üçün sivilizasiyaların dialoqu və əməkdaşlığı ilə bağlı bir sıra aktual qlobal məsələləri müzakirə edəcəklər.
Bundan əlavə, forumda mədəniyyətlərin müxtəlifliyini vurğulamaq və qeyd etmək, əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunu təşviq etmək üçün nəzərdə tutulmuş mədəni tədbirlər, o cümlədən konsertlər, festivallar və yaradıcı çıxışlar keçiriləcək.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün mühüm beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir.
Forumda dünyanın müxtəlif ölkələrindən rəsmi şəxslər, beynəlxalq nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlər və tanınmış ziyalılar iştirak edəcəklər.
Qeyd edək ki, bu tədbir 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin tərkib hissəsidir.
Nərgiz Əzizova