Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bələdiyyə seçkiləri bitdi: CHP iqtidara hazırlaşır?

Bələdiyyə seçkiləri bitdi: CHP iqtidara hazırlaşır?


Türkiyədə 31 mart 2024-cü ildə bələdiyyə seçkiləri keçirildi. Seçkilərin ilkin nəticələri açıqlanıb. Səslərin 99,45 faizi sayılandan sonra CHP 37,72% səslə liderdir. Bu nəticələrə görə, CHP-nin bələdiyyə seçkilərində qalib gəldiyini demək olar.

CHP-nin əzəli rəqibi, ötən il prezident və parlament seçkilərində qalib gələn hazırkı iqtidar AKP 35,52% səslə ikinci ən çox səs toplayan partiya olub. Yenidən Rifah 6,18%, DEM Partiyası 5,65%, MHP isə 4,98% səs toplayıb.

CHP-nin geridönüşü, 35 il sonra gələn qələbə

CHP 1989-cu ildən bu yana ilk dəfədir ki, bələdiyyə seçkilərində belə uğurlu nəticələr əldə edir. AKP-nin ötən il prezident və parlament seçkilərində inamlı qələbəsindən sonra bələdiyyə seçkilərində CHP-yə məğlub olması isə diqqət çəkir.

CHP İstanbul, Ankara, İzmir kimi üç mühüm meqapolisi əlində saxlaya bildi. Belə ki, Ankarada CHP-nin güclü namizədi Mansur Yavaş 58, 80% səslə AKP namizədi Turqut Altınoku (32, 82%), İstanbulda Əkrəm İmamoğlu 50,79% səslə Murad Kurumu (40,36 %), İzmirdə isə Cəmil Tuqay 48,62% səslə Hamza Dağı (37 %) üstələyib. Digər diqqətçəkən məqam isə Bursa kimi mühafizəkar və sağmeyilli, AKP-nin qalası sayılan şəhərin itirilməsidir.
CHP-nin bələdiyyə seçkilərində qələbə qazanmasının ən önəmli səbəbi heç şübhəsiz partiyadakı lider dəyişikliyidir. Aydın məsələdir ki, Kamal Kılıçdaroğlu CHP lideri olsaydı, böyük ehtimalla partiya seçkilərdə bu nəticəni göstərə bilməzdi. Özgür Özelin Kılıçdaroğludan fərqli olaraq, Əkrəm İmamoğlu, Mansur Yavaşa güvənməsi, doğru seçki kampaniyası aparması və ən önəmlisi xalq arasında hörməti olan xarizmatik şəxslərə şans tanıması CHP-yə qələbəni gətirdi.

Bələdiyyə seçkilərində CHP-nin inamlı qələbə qazanması Özgür Özelin nüfuzuna müsbət təsir edəcək. Bu komanda və vizyon ilə CHP növbəti prezident və parlament seçkilərində qələbə qazana, iqtidar ola bilər.

AKP-nin qürubu, post-Ərdoğan dövrünə keçid

AKP-nin bələdiyyə seçkilərində məğlub olması birdən çox faktordan qaynaqlanır:

Birincisi, CHP-dən fərqli olaraq AKP-nin seçkilərdəki namizədləri elə də xarizmatik deyildi. Ümumiyyətlə, bu gün partiya daxilində R.T.Ədoğanın gəncliyində olduğu kimi kütlələrə xitab edən, inandırmağı bacaran, xalq ilə iç-içə ola bilən şəxslər çox azdır. Partiyanın ard-arda əldə etdiyi qələbələr fonunda namizədlər seçki kampaniyalarına o qədər də diqqət etmir. Bu, nəticə etibarilə özünü bələdiyyə seçkilərində daha qabarıq şəkildə göstərdi.

İkincisi, AKP seçkiyə qısa müddət qala ciddi strateji səhv edərək bir çox yerlərdə namizədlərini dəyişdirmək qərarı aldı. Bu da seçki kampaniyasına təsirsiz ötüşmədi. CHP bu səhvdən ustaca istifadə edib AKP seçicilərini ya tərəfinə çəkdi, ya da bitərəf etməyi bacardı.

Üçüncüsü, AKP elektoratının bir qismi sosial problemlər başda olmaqla, digər səbəblərə görə etiraz əlaməti kimi seçkilərə qatılmadı.

AKP-nin bələdiyyə seçkilərində gözlənilən nəticəni əldə edə bilməməsi partiya daxilində təmizliyi zəruri edir. CHP-nin mövcud komandası ilə AKP-nin mübarizə aparması çox çətin olacaq.

Yüksələn güc Yenidən Rifah Partiyası (YRP)

AKP-nin seçkilərdə məğlub olmasının bir səbəbi də Yenidən Rifah Partiyasıdır. 6.19% səslə seçkilərdə üçüncü olan partiya Ərdoğanı ciddi şəkildə narahat edirdi. Məsələ ondadır ki, 23 noyabr 2018-ci ildə qurulan partiyanın rəhbəri Fatih Ərbakandır. O, Ərdoğanın siyasi müəllimi və bir zamanlar təmsil olunduğu Rəfah Partiyasın rəhbəri Nəcməddin Ərbakanın oğludur.

Milli görüş ideologiyasında fəaliyyət göstərən “Yenidən Rifah” sağyönümlü, islamçı siyasi partiyadır. Diqqətçəkən bir məsələ isə Şanlıurfada qələbə qazanmasıdır. Belə ki, Yenidən Rifah Partiyası namizədi M.Kazım Gülpınar 38.87% səslə AKP namizədi Z.Abidin Bəyazgül üzərində qələbə qazanıb (33.64%).

“Yenidən Rifah”a Şanlıurfada qələbəni gətirən M.Kazım Gülpınar bölgənin nüfuzlu ailələrindəndir və şeyx nəvəsidir. AKP-dən istefa sonrası “Yenidən Rifah”a qatılan Gülpınar Şanlıurfada qələbə qazanaraq iqtidara ciddi zərbə vurdu.
Nəticə etibarilə Yenidən Rifah Partiyası CHP-nin yüksəlişi fonunda gələcək seçkilərdə AKP-ni zəiflədə biləcək, hətta onu əvəzləyə biləcək alternativ güc olduğunu göstərdi. CHP gələcəkdə təkbaşına hökumət qura bilməsə, Yenidən Rifah həlledici siyasi partiya ola bilər. Hətta gələcəkdə YRP yeni bir R.T.Ərdoğan yetişdirə bilər.

Turan Rzayev-politoloq
Xəbəri paylaş