Müqəddəs Ramazan ayının gözəl ənənələrindən biri də Fitrə zəkatının verilməsidir. Demək olar ki, hər il Ramazan ayı ərəfəsində bu məsələ gündəmə gəlir, müzakirə və mübahisə predmeti olur. Daha dəqiq desək fitrə zəkatının dəqiq məbləği barədə müxtəlif fikirlər səsləndirilir.
Newscenter.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Ceyhun Məmmədov da deyib ki, Ramazanda ən çox verilən suallardan biri fitrə zəkatının vaxtı və məbləği ilə bağlıdır:
"Hər bir şəxsin imkanından asılı olaraq bu məbləğ 3-15 AZN arası dəyişə bilər. Bu asılıdır bilavasitə fitrə zəkatı verilən ərzaqın dəyərindən. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız daha baha olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var".
Deputat deyib ki, müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər:
"Hesab edirəm günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzaqı və ya başqa ehtiyacı olan əşyanı ala bilər.
İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir. Fitrə zəkatının vaxtına gəldikdə Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir".
Mehman Mehdiyev