Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələri demək olar ki, məlumdur. Seçki nəticələrinə əsasən, ana müxalifət partiyası sayılan Cümhuriyyət Xalq Partiyası (CHP) 37,74 faiz ssəslə seçkinin qalibidir. Hazırkı iqtidar partiyası olan AK Partiya isə 35,50 faiz səs toplayıb.
Newscenter.az-ın xəbərinə görə, Türkiyə seçkilərinə diqqət çəkən siyasi ekspert Çingiz Şahbazi deyib ki, nəticələr gözlənilən idi və bir çox səbəbləri özündə əks etdirir:
"Ona görə gözlənilən idi ki, artıq xalqın çoxu AKP -yə səs verməyəcəyini bəyan edirdi. Çünki Qəzza məsələsində AKP hökumətini ciddi şəkildə günahlandıran xalq, səsini alternativ olan CHP -yə verməklə, əslində AKP -yə sərt etirazını bildirdi. Bura Kahramanmaraş zəlzələsi zamanı hökumətin səhlənkarlığını və durmadan artmaqda davam edən inflyasiya və digər səbəbləri də əlavə etsək görərik ki, xalq heç də yanılmır və əsla heç kimi də bağışlamır. Bu da o anlama gəlir ki, xalqın iradəsi ölkənin siyasi həyatında bir çox məsələlərə öz təsirini göstərmək gücündədir".
Ekspert deyib ki, Türkiyə xalqı öz iradəsini ortaya qoydu və AKP hakimiyyətinə yox demək üçün, CHP -yə səs verdi:
"Çünki 20-illik hakimiyyət nə qədər faydalı olsa belə, insanlar hər zaman yenilik axtarışındadır və yaşantılarını yeni insanların idarəçiliyi üzərində sınamağa meyillidir. Bu hər yerdə belədir, bəzi istisna ölkələr xaric. Türkiyədə baş verənlər bizim üçün də vacibdir, düşüncəsindəyəm".
Anar Əliyev