"Türkiyədə bələdiyyə seçkiləri AKP-nin hakimiyyətə gəldiyi gündən ilk dəfə olaraq ümumən CHP-nin qələbəsi ilə başa çatır. Təbii ki, CHP Cümhur İttifaqı olan AKP və MHP-nin birlikdə əldə etdiyi səslərdən aşağı səs toplayır, amma təklikdə qalib hesab olunacaq mövqedədir".
Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov Türkiyədəki seçkilərin nəticələrini dəyərləndirərkən səsləndirib. O bildirib ki, AKP-nin səslərinin aşağı düşməsi əsasən iqtisadi durumla bağlı oldu:
"15 milyon əməkli insanın təqaüdlərinə artım edilə bilmədi. Böyük ehtimalla bu da özünü göstərdi. Əslində bu, gözlənilən idi".
Politoloq deyib ki, Türkiyə hakimiyyəti hazırda iqtisadi problemlərlə mübarizə aparır:
"Problemlərin həll olunması yollarını axtarır. Odur ki, belə bir durumda seçicilərin bir hissəsinin AKP-dən incik düşərək qarşı tərəfə səs verməsi normaldır. Amma hesab edirəm ki, bu, müvəqqəti haldır. Məsələ ondadır ki, seçici AKP-ni indi cəzalandırmaqla müəyyən mesajlar verə bilər, amma həmin insanların əksəriyyəti, xüsusilə də, yaşlı nəslin insanlarının əksəriyyəti milliyyətçi və ərdoğançı insanlardır. Onlar sadəcə incik düşdükləri mesajını verirlər. Amma məsələ millət məsələsi olanda hər zamankı kimi yenə də AKP-nin, R.T.Ərdoğanın yanında olacaqlar".
Azər Qasımov hesab edir ki, seçkilərin bu nəticəsi AKP, ilk növbədə gələcək üçün həm siqnal, həm də daha çox iş görmək üçün motivasiya olacaq:
"Eyni zamanda, bu, AKP tərəfındən bir siyasi gedişdir. Gələcək Prezident seçkilərinə kimi CHP-nin imicini yox etmək üçün istifadə edəcəklər.
CHP-dən olan bələdiyyə başçılarının əslində yaxşı idarəçilik göstərmədiyi hər zaman qeyd edilib. Bu davam edərsə, xalq CHP-nin idarəçiliyindən narazı qalıb, yenidən AKP-yə üz tutacaq. Ancaq sahil ətrafı regionların da həmişə böyük ölçüdə CHP-li kontingent olduğu da bəllidir. Hər halda növbəti seçkilərə kimi çox vaxt var və hər şey dəyişə bilər".
Süleyman