Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Azərbaycan bayrağı” mövzusunda mühazirələr keçirilir.
Newscenter.az xəbər verir ki Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi tərəfindən keçirilən mühazirələrin əsas məqsədi şagirdlərə dövlət rəmzlərinə hörmət və ehtiram bəsləməyi aşılamaq, məktəblilərin üçrəngli bayrağımızın tarixi barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.
Muzeyin baş elmi işçisi Ülviyyə Azayeva tərəfindən keçirilən mühazirələrdə VII-XI sinif şagirdlərinə qədim dövrlərdən ölkəmizdə mövcud olmuş dövlətlərin bayraqları, müasir Azərbaycanın rəsmi dövlət rəmzləri və onlardan istifadə qaydaları, həmçinin Vətən Müharibəsində qazanılan şanlı zəfərdən bəhs edilir.
Qeyd edək ki, 2024-cü il ərzində ümumilikdə 60 məktəbdə mühazirələrin keçirilməsi planlaşdırılır.
Onu da qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi tərəfindən indiyədək 200-dən artıq məktəbdə muzey əməkdaşları tərəfindən mühazirələr keçirilib.
R.Mehdiyeva