"Tarixi Zəfərimizin və suverenliyimizin bərpasının başlanğıc nöqtəsi oldu Aprel döyüşlərindən 8 il ötür. Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir. Ordumuz Aprel döyüşlərindən sonra 2020-ci ildə Vətən müharibəsində qazanılan Böyük Zəfərə doğru irəlilədi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, şanlı Aprel döyüşləri bütün dünyaya dövlətimizin, xalqımızın gücünü, qələbə əzmini nümayiş etdirdi:
"2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli Ordumuz torpaqlarımızı azad etdi, 2023-cü ilin sentyabrında anti-terror əməliyyatları ilə ərazi bütövlüyümüz tam bərpa olundu.
200 illik erməni terrorizminin Azərbaycanda kökü kəsildi".
Vaqif Abdullayev deyib ki, bu gün bütün ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır, alnımız açıq gəzirik:
"Bu fəxarətli günlərimizi bəxş etdiyinə görə, Cənab Ali Baş Komandana, bütün cəsur əsgərlərimizə borcluyuq.
Bu Qələbələri və qüruru bizə yaşadan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa və qəhrəmanlarımıza uzun ömür diləyirik".
Anar Əliyev