Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin deputatları Laçın rayonuna səfər ediblər

Milli Məclisin deputatları Laçın rayonuna səfər ediblər


Aprelin 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və komitənin üzvləri Afət Həsənova, Məşhur Məmmədov, Əliabbas Salahzadə, Fatma Yıldırım və İltizam Yusifov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müzakirələr aparmaq üçün Laçın rayonuna səfər ediblər.

Newscenter.az xəbər verir ki, səfər çərçivəsində millət vəkilləri əvvəlcə işğaldan azad edilmiş Ağdam rayonuna gələrək burada Ağdam Cümə Məscidini və Şəhidlər xiyabanını ziyarət ediblər, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini anıblar.

Sonra deputatlar Xankəndi şəhərində olublar. Şəhərlə tanışlıqdan sonra millət vəkilləri Laçın rayonuna gəliblər. Burada Laçın rayon 2 saylı tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüş keçirilib. Tədbirdə işğaldan azad olunmuş ərazilərdəki ekoloji problemlərə dair müzakirələr aparılıb.

Görüşdə çıxış edən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçın rayonunda aparılan nəhəng tikinti-quruculuq işləri və qarşıda dayanan vəzifələrdən danışıb.
Sonra tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Laçında aparılan tikinti-quruculuq işləri barədə fikirlərini bölüşüb, görülən işlərə qanunvericilik sahəsində lazımi dəstəyin göstərildiyini qeyd edib.

Sonra Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov minatəmizləmə sahəsində görülən işlərlə bağlı görüş iştirakçılarına məlumat verib.

Görüşdə çıxış edən Milli Məclisin deputatları Afət Həsənova və Fatma Yıldırım Laçında aparılan tikinti-quruculuq işləri və ekoloji problemlər barədə fikirlərini bildiriblər.

Sonra deputatlar Laçında fəaliyyət göstərən Zerti Aqro-Sənaye Parkının fəaliyyəti, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu, “Həkəri Balıq Təsərrüfatı” ilə də tanış olublar.

Səfər çərçivəsində Milli Məclisin deputatları Məşhur Məmmədov və İltizam Yusifov AzTV-nin “Hədəf” proqramının canlı yayımında Laçında görülən işlərlə bağlı aparılan müzakirələrdə iştirak ediblər.

Deputatların səfəri davam edir.

Süleyman
Xəbəri paylaş