Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

O, təkcə həkim deyildi, həm də sözün, ifadələrin həkimi idi

O, təkcə həkim deyildi, həm də sözün, ifadələrin həkimi idi


Salmanov 1955-ci il avqustun 5-də Zəngilan rayonunun Şayıflı kəndində anadan olub.

Uşaqlığından rəssam, heykəltaraş olmağa meyilli idi. Elə təsadüflər olur ki, yeniyetmənin niyyətinin səmtini dəyişə bilir. Müəllimlərindən biri niyəsə ona “Həkim olmaq çətindir, ona görə heykəltaraş olmaq istəyirsən, eləmi?”, - deyib. Müəlliminin sorğusuna cavab verməyib. Onun da qəlbində “çətin pe­şə” olan həkimliyə incə maraq yaranıb. Orta məktəbi 1972-ci ildə biti­rən­də sənədlərini N.Nə­rim­anov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Univesitetinə) verib. Müsabiqədən keçməyib. Bakıda Mebel fabrikində işləyib. 1973-cü ildə həmin institutun Müalicə-profilaktika fakültəsinə daxil olub... Və institutu 1979-cu ildə bitirib. 1979-1980-cı illərdə Bakı şəhər 14 nömrəli Tibbi-Sanitar His­sə­sində internatura keçib. Bakıda qalıb işləmək təklif olunsa da, Şayıflı kəndınə qayıtmağı, orada həkim işləməyi qərara alıb. Ona görə də təyinatını Zəngilana alıb. 1980-ci ilin avqust ayından həm Zən­gilan rayon Şayıflı sahə xəstəxanasında hə­kim-te­rapevt, həm də Zəngilan Mərkəzi Rayon Xəs­tə­xanasının Təcili Tibbi Yardım şöbəsində hə­kim işləyib. 1988-ci ildən 1993-cü ilin martına kimi Şayıflı sahə xəstəxanasının baş həkim vəzifəsində işləyib.

Zəngilan rayon komsomol və partiya komitələrində işlədiyim dövrlərdə (1980-89-cu illərdə) Şayıf­lı­ya gedəndə Tariyel həkimlə də görüşər, söhbətləşərdim. Tariyel həkim sovxoz komsomol təşkila­tı­nın katibi və təbliğatçı-müəllim kimi gənclər arasında geniş təbliğat-təşviqat işləri aparırdı. Dar­danyuxarı adlanan 15 kəndin əhalisi böyük inamla öz sağlamlığını Tariyel həkimə etibar edirdi.

Sonralar mən Zəngilan rayon ərazi özünümüdafiə taborunun komandiri, alay komandirinin müavini olanda müdafiə postlarımızın böyük hissəsi Şayıflı, Şərikan və Can­bar sovetliklərinin ərazisini əhatə etdiyinə görə həmin ərazilərdə xəsarət alan və yaralanan hərbçiləri­mi­zə, mülki vətəndaşlara Şayıflı sahə xəstəxanasında yaradılmış hərbi tibbi məntəqədə ilkin tibbi xidmət göstərilirdi.

Tariyel həkim 1989-cu ildə Moskvada, Kremlin Qurultaylar Sarayında keçirilən ilk və sonuncu SSRİ həkim­lə­rinin I qurultayının nümayəndəsi olmuşdu, qurultayda “Kənd rayonlarında səhiyyənin təşkili” mövzusunda çıxış etmişdi; Zəngilanlı kənd həkimini Kremldə maraqla dinləmişdilər...

Respublikanın sərhədyanı rayonlarında şəraitin normallaşdırılmasında xidmətlərinə, ictimai asa­yişin mühafizəsi vəzifələrinin həyata keçirilməsi zamanı mərdlik və fədakarlıq göstərdiyinə görə Azərbaycan Prezidenti onu 1991-ci il yanvarın 25-də Fəxri Fərmanla təltif etdi. 2004-cü ildə “Avropa Nəşr Mətbu Evi” Tariyel həkimi “İlin ən yaxşı terapevt həkimi” diplomu və medalı ilə təltif etdi.

***

1989-1993-ci illərdə Zəngilan rayonunun müdafiəsində fəal iştirak edən Tariyel həkim 1991-1993-cü illərdə Zəngilan ərazi özünümüdafiə taborunda, Zəngilan alayının Tibb Xid­mə­tinin for­ma­laşmasında, tam gücü ilə fəaliyyət göstərməsində xüsusi xidmətlər göstərib. Şa­yıf­lı­da təşkil olunmuş özünü müdafiə qruplarına hərbi həkim kimi rəhbərlik edib. Müharibə döv­rün­də Şayıflı sahə xəstəxanası, həm də hərbi məntəqə idi. Tariyel həkimin rəhbərliyi ilə hərb­çi­lə­rin müalicəsində əvəzsiz xidmət edilirdi.

1993-cü il oktyabrın 29-da Zəngilan rayonunu ən son tərk edənlərdən biri də Tariyel həkim oldu... 1993-cü ilin mart ayında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Zəngilan rayon Həkim Əmək Ekspert Komissiyasının sədri vəzifəsinə təyin olundu. 1997-ci ildə məcburi köçkün rayonlarının Həkim Əmək Ekspert Komissiyaları ləğv ediləndə Zəngilan Mərkəzi Rayon Xəstə­xa­nasının poliklinika şöbəsinə həkim-terapevt təyin olundu. 2015-ci il iyunun 5-dən son nə­fə­si­nə­cən ( 13 aprel 2023-cü ilədək) Zəngilan Mərkəzi Rayon Xəstəxanasının (MRX-nin) baş həkimi ( indiki direktoru) vəzifəsində çalışdı.

***

Tariyel Salmanov Zəngilanda olduğu kimi, Bakıda da vəzifə borcunu vicdanla, yüksək məsuliyyət hissilə və nümunəvi şəkildə yerinə yetirirdi. Vətəndaşların hər bir müraciətinə həssaslıqla yanaşan, ehtiyacı olanlara köməyini əsirgəməyən Tariyel həkimə insanların inam və ehtiramı olduqca çox yüksək idi.

O, 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olub və 25 ildən artıq Zəngilan Mərkəzi Rayon Xəstəxanası YAP təşkilatının sədri və YAP Zəngilan rayon təşkilatının siyasi şurasının üzvü kimi rayonda böyük ictimai-siyasi iş aparıb. YAP-ın I, II, III və IV qurultaylarının nümayəndəsi olub. Eyni zamanda,1993-cü ildən 2000-ci ilədək 95 saylı Zəngilan-Qubadlı-Laçın seçki dairəsinin sədri, 2000-ci ildən 2023-cü ilədək 125 saylı Zəngilan - Qubadlı seçki dairəsinin Nəsimi rayonu üzrə 1 saylı məntəqəsinin sədri olub. 2003, 2008, 2013 və 2018-ci illərdə Prezident seçkilərində məntəqə sədri kimi seçkinin yüksək səviyyədə yekunlaşmasında əsl vətəndaşlıq nümunəsi göstərib.

1997-ci ildən Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyəti Zəngilan rayon bölməsinin sədri kimi 25 il ərzində müharibə əlilləri və şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin və rifahının yaxşılaşdırılması istiqamətində yaddaqalan işərin görülməsi, müəyyən sosial çətinliklərlə üzləşən vətəndaşlara maddi və mənəvi dəstək göstərilməsi üçün bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.

Sözü:

Tariyel Ayazoğlu həkimdir, həm də şairdir. Təbiətə sevgi də el-obaya bağlılıqdı, Vətən sevgisidi, Vətənə sevgidi. Təsvir də sevgidi, təs­vi­rin sözə (şeirə) çevrilməsi duyğuların kövrəkliyidi – dünənlərə sədaqət, sədaqətə etibar, eti­ba­rıın şeirləşməsi şairin poetik zikridir. Tariyel Ayazoğlu Zəngilanı ruhunun ucalığında görür və yazır (sözü ilə zikr edir):

“Nəbi daşı” igidlərin qalası,

“Oxçu çayı” gecələrin laylası,

“Güllü yal”ım tər güllərin xalısı,

Oxçu mənim, xalı mənim, gül mənim.

(“Zəngilandır sevdiyim”)

Qədimlərdə şahların, vəzirlərin, əyan-əşrəfin saraylarının qarşısında iki daş olardı, biri elçi da­şı, digəri kömək, himayədarlıq daşı. Sarayın qızını oğluna (qardaşına) elçiliyə gələnlər elçi daşının üstündə otu­rardılar. Sarayın qulluqçuları gələnin niyyətini bilərdilər. Şah (vəzir, əyan-əşrəf) onu qəbul edər, mətləbini dinləyər, “hə”sini, “yox”unu deyərdi. Bunun şeirə gətirilməsi yenidir, poetik uğur­dur, qəbul ediləndir. Tariyel Ayazoğlu “Neynirəm, Allah!” şeirində bu adəti də xatırladır:

Oturduğum elçi daşı qınadı,

Mən belə sevgini neynirəm, Allah?!

Şairlər zamanın övladıdır, zamanın yaxşı-yamanını şairlər daha dürüst görürlər. Şairlər həm də dövrünün niyyətinin ifadəçisidir; “gördüyü işlərin bir ocağa qor olmasını”, “öyüdüylə qafillərin ayılmasını”, “zimistanın sovuşmasını”arzulayan şair (“Başqa bir şey istəmirəm”) yağan yağışa qoşa ovuc açır (“Yağ, ey yağış”), pöhrələrin böyüməsini, boy atmasını Vətənin gözəlləşməsi kimi təqdim edir.

Azıxı, Qobustanı xalqımızın qədimliyi bilən (və bununla qürurlanan!), Koroğlunu, Xətaini (Koroğluları, Xətailəri) xalqımızın kimliyinin epiteti kimi bayraqlaşdıran, Qarabağ Zəfərinə –Vətən müharibəsində qazanılan Zəfərə xalqın mətinliyi deyən şair “Bu dünyanın hər üzünü görmüşük” (“Dünya yalan dünyadı”) təəssüfünü də yaşayır, şəlalənin həyatın sevgi nəğməsinə dönməsinə (“Tanrının töhfəsi”) görə təsəlli də tapır.

Tariyel Ayazoğlu müşahidələrini ümumiləşdirə bilir, bu ümumiləşdirmələr poetikası ilə diq­qə­ti çəkir. Göz yaşını qəhərin, kədərin əlaməti bilmişik, sevincin göz yaşları sevgimiz olub. Ana adının ucalığına sığınan şair də müşahidə edib ki, ana bu səadəti “Vağzalı”nın sədalarını göz yaşları ilə uğurlayır. Ona görə ruhunun misralarını yazır:

Analar sevinci tən bölən zaman,

Yanaqdan süzülən yaş nə gözəldir.

(“Gözəldir”)

Bu şeir həm də dünənlərə, dünənlərimizin poeziyasına ehtiramdır...

İnsana, insanlığa münasibət öz əksini poeziyada da tapır, müəyyən mənada, milli mentalitetin zərrəsi kimi qəbul olunur. Belə şeirlər fəzilətə çağırışdır. Hərə bəxtiyarlığı bir məqamla dəyər­lən­di­rir. Tariyel Ayazoğluna görə xoşbəxtliyin təməli əməlisalehlikdir,

Bil, əməlin qədərdir

Sənin bəxtiyarlığın.

(“İnsan olmaq gözəldir”)

“Rəhm qəlbin, qəlb duyğuların açarıdır” (“Özünü dərk elə”) deyən Tariyel Ayazoğlu üçün “duyğuların ən incəsi eşqdir” (“Məhəbbət nə vaxtdan günah sayılır?” )...

Təzad üzərində qurulan bədii (poetik) fikir həmişə lirizmin analoquna dönür. Təzad – söz, təzad – söz birləşməsi, təzad – idiomatik ifadə, təzad –cümlə şeirin poetik dərkini asanlaşdırır, oxucunu düşündürür. “Alovu külə döndərənlər”üçün, “qara saçları ağardanlar üçün” yazılmış “Belə yola salaq” şeirinin bədii dəyəri də təzadla müəyyənləşdirilməlidir:

Mənim ürəyimdə vüsal arzusu,

Sənin gözlərində həsrət yaşları...

“Tanrıdan qərib eldə qalmamağı arzulayan” (“Başqa bir şey istəmirəm”) Tariyel Ayazoğ­lu­nun “Qayıdacaqsan” şeiri diqqəti bir poetik məqamla da çəkir: “daş olacaqsan” söz birlışməsi “dasla­şa­caqsan” kimi verilib. Əvvəla, misrada sözün sayı azalıb, yəni poetika artıb, digər tərəf­dən, ifadə daha gözəl fəlsəfi çalarla verilib:

Məzarım üstündə daşlaşacaqsan...

“Necə yaşadım?” şeiri serenada mahiyyətli şeir kimi oxunur. Düşündürücü bir misra şeirin dərkinə yönəldilmiş işığa dönür; həsrətin sonu vüsal olur. Bəs həsrət ölürsə? – həsrətin ölümü sevginin intiharıdır:

Qocaldı içimdə, öldü həsrətin, -

deyən şair sevgisiz yaşamağı ən böyük əzab (Sizif əməyinə tən olan duyğu) bilir. Bəs “eşqinin qarşısında günahkar olanlar?” (“Tapmayacaqsan”).

Tariyel Ayazoğlunun şeirlərinin səmimiyyəti məzmunundan gəlir. Şair oxucusuyla səmi­mi­dir, düşündüklərini, bu anlamda qəlbindən keçənləri şeirləşdirir, oxucusunu özünə sirdaş bilir. “Tənha qadın”, “Kaş ki...”, “Həyatımımın mənası”, ... kimi şeirləri bu qəbildəndir.

Səni axtaracağam

Səhrada qurtum suya

Həsrət bir səyyah kimi, -

misraları da (“Bir səyyah kimi...”) fikrimizin təsdiqidir.

“Mehrabı eşq olan uca göylər” (N.Cəncəvi) də sevgilərə duaçıdı. Əgər dürüst sevgidirsə, əgər həsrəti də sevənlərin açılan səhərləriylə bağrıbadaşdırsa, əgər duyğuların təbiəti bəlli olmayan fəs­li­nə dönürsə, ... dünya onun işığını bəsirət işığı bilir. Şeirləşən sevgilərdə də belə işıq olur, bu işıq­­da belə qüdrət də var. Tariyel Ayazoğlunun bədii “mən”inin sevdası da belə sevdalardandır:

Dumanlı, çiskinli bir payız günü,

Yatmış xəyalını oyadacaqsan.

Qaranquş baharda qayıdan kimi

Sən mənim ömrümə qayıdacasan.

(“Qayıdacasan”)

Tariyel Ayazoğlunun bədii “mən”i “qayğılı gözləri yol çəkənini” (“Tapmayacaqsan”) qı­na­yır, bu qınama da sevgidəndi. Qınayır və xatırladır ki, sevgisiz illər qəlbi qocaldır. Tariyel Aya­zoğ­luna görə, sevənin bircə iltiması olur: Son nəfəsimdə yanımda ol ki, eşqimi sənə əmanət edim. Gözəl bədii fikirdi (“Məhəbbət heç zaman günah sayılmır”)...

***

Tariyel Ayazoğlu həkim idi. 2023-cü il aprelin 13-də dünyasını dəyişsə də Zəngilanlılar onu həmişə ehtiramlarla yad edirlər... Dörd övlad atası idi Tariyel həkim. Onlara Vətəni tanıda bilmişdi, ona görə hamısı Vətəni se­virdi... Tariyel Ayaz oğlu həm də şair idi. Söhbətləri də şeir kimi dinlənilirdi. İndi xatirəlıri də yaşadılır, şeir­lə­ri də...

Bayram MƏMMƏDOV,

Əməkdar müəllim

(Şəkuldə: Tariyel Salmanov).
Xəbəri paylaş