İsrail İrana zərbə endirməyə qərar verərsə, qonşu ölkədəki nüvə obyektlərini hədəf alacaq. Çünki, Tel-Əviv Tehranın “İran nüvə silahı yaratmaq istəmir” açıqlamalarına inanmır və hesab edir ki, İranda uranın zənginləşdirilməsinin məqsədi məhz nüvə silahı yaratmaqdır. Nüvə silahı olan İran isə ilk növbədə İsrail üçün təhdid olacaq. Elə buna görə də İsrail xəfiyyələri illərdir İranın nüvə mərkəzlərində çalışan alimləri öldürürlər. Tehranın nüvə silahı əldə etməyə çalışması məntiqi sadədir.
Beynəlxalq aləmdə nüvə silahı olan ölkələrin çəkisi daha böyük olur və həmin dövlətə ehtiyatla yanaşırlar. Digər tərəfdən İranın bölgədəki əsas düşməni İsrail etiraf etməsə də, bu dövlətin də nüvə silahı var. İsrail ordusu hazırda Qəzzada əməliyyatları davam etdirsə də, Tel-Əvivin gözü İrandadır. İsrailin İranın Suriyadakı konsulluq binasını raketlə vurmasının və iranlı generalları öldürməsinin əsl mahiyyəti də bu idi. Tel-Əviv İranın cavab verəcəyini proqnozlaşdırırdı və buna hazır idi. Tel-Əvivin planının sonrakı hissəsi bu qarşıdurma fonunda İranın nüvə çalışmalarını əngəlləməkdir.
Elxan Şahinoğlu, politoloq