Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakıətrafı qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlayıb.
Newscenter.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, dövlət investisiyası hesabına icra olunan layihə Abşeron yarımadasının şimal-şərq hissəsinin, xüsusilə, Maştağa, Nardaran və Bilgəh qəsəbələrinin sahil boyu ərazilərinin, eyni zamanda yeni salınmış yaşayış massivlərinin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur.
Layihəyə əsasən, ərazinin içməli su təchizatı Ceyranbatan sutəmizləyici qurğularından qidalanan Maştağa su anbarından aparılacaq. Bu məqsədlə anbarın nasos stansiyası yenidən qurulacaq. Anbardan götürülən su nasoslar vasitəsilə Nardaran qəsəbəsində yeni inşa edilən 10 min kubmetr tutumu olan anbara vurulacaq. Maştağa və Nardaran anbarını əlaqələndirmək məqsədilə 820 mm diametrli polad borularla 6 km uzunluğunda magistral su kəməri inşa edilir. Yaşayış massivlərinə suyun çatdırılması məqsədilə 530 mm diametrli polad borularla 11 km uzunluğunda daşıyıcı magistral su kəmərləri çəkilir. Eyni zamanda suyun istehlakçılara çatdırılmasını təmin etmək üçün müşayətedici və paylayıcı su xətləri tikilir. Ümumilikdə layihə çərçivəsində 25 km uzunluğunda magistral və paylayıcı su xətlərinin inşası layihələndirilib. Layihənin icrasına başlanandan qısa müddət ərzində su xətlərinin tikintisi işlərinin 50 faizi icra olunub. Eyni zamanda 10 min kubmetr tutumlu yeni su anbarının tikintisinə başlanılıb, nasos stansiyasının yenidən qurulmasına hazırlıq görülür.
Layihənin əhatə etdiyi ərazidə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi mövcud olmayıb. Ərazinin bir hissəsində əhali tərəfindən fərdi qaydada su xətləri çəkilib və həmin xətlər də tikinti normalarına cavab vermədiyindən istismara yararsız vəziyyətdədir. Şəbəkə olmayan ərazilərdə isə sakinlər içməli suyu maşınlarla əldə edir. Yeni layihənin icrası nəticəsində çimərlik ərazisi boyu istirahət və turizm obyektlərinin də içməli su təchizatı yaxşılaşacaq. Tikinti-quraşdırma işlərinin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası Bilgəh, Nardaran, Maştağa qəsəbələrində, həmçinin yeni salınmış yaşayış massivlərində 70 minə yaxın sakinin içməli su təchizatının yaxşılaşdırılmasına imkan verəcək.
Süleyman