"İranın hücum əməliyyatı əslində Netanyahu hakimiyyətinə qarşı çıxan və Netanyahunun istefasını tələb edən qüvvələrə qarşı möhtəşəm cavab oldu. Fələstin torpaqlarında etnik təmizləmə aparan İsrail hakimiyyəti, İranın bu hücumlarını əsas gətirəcək və ölkəsinə qarşı təhdid və təhlükələrin qarşısının alınması üçün bundan sonra da hərbi əməliyyatların davam etdirilməsini əsas kimi irəli sürəcək. İranın bu hücumundan sonra, İsrail hökuməti istər daxili, istərsə də xarici auditoriyadakı narazı qüvvələrə qarşı, ölkəsinə qarşı baş verən hadisələri əsas göstərərək istifadə edəcək".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə göə, bu İsrailin təhlükəsizliyi baxımından əsas səbəblərindən biri kimi Fələstində hərbi əməliyyatların davam etdirilməsinə təminat hesab oluna bilər:
"Burada İran tərəfi də ilk dəfə olaraq İsrailə hərbi əməliyyatlar həyata keçirən ölkə olaraq, daha doğrusu hökumət olaraq tarixə keçdi və bu İranın möhtəşəm qələbəsi kimi təqdim olunur. Baxmayaraq ki, hərbi əməliyyatlar zamanı bir nəfərin belə burnu qanamadı. Bütün bunlar əsas verir ki deyək, iki ölkə arasında hərbi əməliyyatlar davam etməyəcək və baş vermiş hadisələrin Azərbaycana heç bir halda təsir mexanizmləri olmamalıdır. Azərbaycan bütün dönəmlərdə İsrail və İran arasında soyuq müharibənin gedişatı zamanı öz neytrallığını saxlaya bilib və bu neytrallıq bundan sonra da davam edəcək, düşüncəsindəyəm".
Anar Əliyev