Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zərifə xanımın əziz xatirəsi hər zaman qəlbimizdə, yaddaşımızda yaşayacaq

Zərifə xanımın əziz xatirəsi hər zaman qəlbimizdə, yaddaşımızda yaşayacaq


"Azərbaycanın elm və mədəniyyət tarixində dərin iz buraxmış qadınlarımızdan söhbət düşəndə adı hər zaman xüsusi sayğı ilə, xoş hisslərlə xatırlanan böyük şəxsiyyətlərimizdən biri də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevadır. Bu gün onu xatırlamağımız səbəbsiz deyil. Aprelin 15-i Zərifə xanımın anım günüdür. Dəyərli alimimizin vəfatından 39 il ötür. Zərifə xanımın işıqlı xatirəsi onu tanıyan hər kəsin qəlbində yaşayır. Azərbaycanın tibb elminə böyük töhfələr vermiş bir alim kimi onun xatirəsi elmi ictimaiyyətimizlə yanaşı, qədirbilən xalqımız tərəfindən də hörmətlə anılır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, oftalmoloq-alim Zərifə Əliyeva keçən əsrin 60-70-ci illərində Azərbaycanda tibb elminin oftalmologiya sahəsinin inkişafında mühüm rol oynayıb, oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə, geniş elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə yol açıb. Onun oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycandan kənarda da mütəxəssislər tərəfindən diqqətlə izlənilib və təqdir olunub:

"Zərifə xanımın oftalmologiya sahəsində irəli sürdüyü ideya və təkliflər, metodikalar müasir dövrümüzdə də öz aktuallığını itirməyib. Onun yetirmələri Zərifə xanımın respublikamızın şəhər və rayonlarını bir-bir gəzərək, oftalmoloji xəstəliklərin yaranma səbəblərini dərindən araşdırdığını və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirlər həyata keçirdiyini bu gün də minnətdarlıq hissilə xatırlayırlar. Təbabətdə öz dəst-xətti olan bu novator alim tədqiqat prosesi ilə praktikanı birləşdirməsi ilə fərqlənirdi".

AHK sədri deyib ki, elm sahəsində, insanlarımızın sağlamlığının qorunması işində yorulmadan fəaliyyət göstərən akademik Zərifə Əliyeva, eyni zamanda Azərbaycanın birinci şəxsinin, Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı kimi də böyük ictimai missiya daşıyırdı:

"Zərifə xanım Azərbaycanın dirçəlişi və inkişafı yolunda Ulu Öndərlə çiyin-çiyinə addımlayır, ona mənəvi dayaq olurdu. Bir ömür-gün yoldaşı kimi sədaqət və fədakarlığı ilə seçilən Zərifə xanımın şəxsiyyətini və mənəvi-psixoloji obrazını Ulu Öndər Heydər Əliyev çıxışlarının birində olduqca mükəmməl ifadə edib: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

Zərifə xanımın çağdaş tariximiz qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi layiqli bir övlad, dəyərli bir şəxsiyyət yetişdirməsidir. Azərbaycanı qalib ölkəyə çevirən, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızı ucaldan Müzəffər Ali Baş Komandanımız İlham Əliyev məhz Ulu Öndər Əliyevin və dəyərli alimimiz Zərifə Əliyevanın aşıladığı yüksək mənəvi keyfiyyətlər əsasında formalaşıb, Vətənimiz üçün əvəzolunmaz siyasi xadimə, qəhrəman liderə çevrilib.

Biz Zərifə xanımın fədakar ana, fədakar həyat yoldaşı, fədakar alimlik yolunu həmişə nümunəvi bir yol kimi xatırlayacayıq. Onun əziz xatirəsi hər zaman qəlbimizdə, yaddaşımızda yaşayacaq".

Süleyman
Xəbəri paylaş