Dünəndən etibarən Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsinə başlanılıb. Moskvanın bu prosesi belə sakit şəkildə həyata keçirməsi müəyyən suallara səbəb olub.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan öz müstəqillik tarixində üçüncü dəfə Rusiya hərbçilərini problemsiz ölkədən çıxarır:
"Rusiya Qarabağdan sülhməramlı qüvvələrinin çıxarılmasını təsdiqlədi. Rusiya sülhməramlı qüvvələri Qarabağda ermənilərin təhlükəsizliyini təmin etmək üçün dəvət olunmuşdu. Azərbaycanın anti-terror tədbirlərindən sonra, ermənilər könüllü şəkildə Qarabağı tərk etdilər. Səbəb ortadan qalxdığı üçün sülhməramlı qüvvələrin qalmasına ehtiyac yox idi. Sadəce, 2025-ci ilə kimi qalmaq müddətləri var idi. Amma, Moskva indiki vaxta öz hərbiçilərini çıxarmaqla bir növ üzüsulu çıxmağa üstünlük verdi. Bu, Azərbaycan prezidenti İlham Əliyevin diplomatik və siyasi uğurudur".
Politoloq deyib ki, Azərbaycan tərəfi sülhməramlı qüvvələrin vaxtını uzatmayacağını qeyd edirdi:
"İkitərəfli aparılan danışıqlar nəticəsində Rusiya tərəfi praqmatik addım atmış oldu. Rusiyanın Azərbaycanda minaların təmizlənməsində sülhməramlı deyil, digər qrupun iştirakında problem yoxdur. Çünki dövlətlər bir-birilərinə humanitar dəstək verə bilər. Rusiya sülhməramlı kontingentini Ukraynaya döyüşə yola salacaq. Görünür, Rusiya Ukraynaya yeni hücum dalğasına başlayıb. Kreml üçün Cənubi Qafqaz arxa plana keçib. Ukraynada qalib gələrsə, yenidən Qafqaz siyasəti aktivləşəcək".
Süleyman