"Rusiyanın Ukraynaya hərbi təcavüzü dünyadakı gütbləşməyi daha da dərinləşdirdi və sürətləndirdi. Bu gün dünyanın siyasi xəritəsinin iki rəqib cəbhəyə bölünməsi aydın şəkildə görünür. Rəsmi Moskvaya özünün birbaşa iştirak etdiyi müharibənin arealının genişləndirilməsi deyil, ABŞ və müttəfiqlərinin cəlb olunacağı konfliktlərin çox olması sərf edərdi. Yaxın Şərqdəki vəziyyətin daha da mürəkkəbləşməsi, region dövlətlərin burada iştirakı Rusiyanın planlarına yarayardı. Ancaq mən düşünmürəm ki, Rusiya Ukrayna ilə paralel olaraq Avropaya, Ukrayna ilə sərhəd olan ölkələrə də hərbi müdaxiləyə cəhd göstərsin".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu Rusiyanın Ukrayna ilə qonşu Avropa ölkələrinə hərbi müdaxilə edə biləcəyi təhlükəsi barədə danışarkən səsləndirib. Onun sözlərinə görıə, belə bir avantüraya Putinin gedəcəyi proqnozlaşdırılmır:
"Rusiya onsuz da Ukrayna ilə müharibədə ağır itkilər verməkdədir. Hərbi siyasi gücü hər gün azalır. Getdikcə KXDR, İran, Çin kimi daha totalitar və diktatura rejimlərin təsiri altına düşür. Bu hal Rusiyanın özünün vahid və regional güclü dövlət kimi mövcudluğuna təhlükə yaradır. Rusiya çalışır ki, əlində olduğunu saxlamaqla Ukrayna ilə müharibəni bitirsin".
Əli Oruclunun qənaətincə, müharibənin uzanması Qərbi yorsa da Rusiyanı məhvə aparır:
"Bir neçə cəbhədə müharibə aparmaq bu günki Rusiyanın gücündə deyil , buna heç potensialı da çatmaz. Bununla belə etiraf etmək lazımdır ki, nüvə dövləti olan Rusiya dünyada sülh və təhlükəsizlik üçün hələ də böyük və real təhdid olaraq qalır".
Süleyman