Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Sədrinin müavini ilə Kubanın Azərbaycandakı səfiri arasında görüş keçirilib

YAP Sədrinin müavini ilə Kubanın Azərbaycandakı səfiri arasında görüş keçirilib



Aprelin 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon arasında görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Kuba münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilib. Bildirilib ki, iqtisadi, ticari, mədəni, tibb, təhsil, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün mühüm potensial mövcuddur və iki ölkə çoxşaxəli münasibətlərin dərinləşdirilməsində olduqca maraqlıdır.

Diqqətə çatdırılıb ki, istər Azərbaycan, istərsə də Kuba milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanan müstəqil siyasət həyata keçirir. Azərbaycanla Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında əməkdaşlığı həm ikitərəfli münasibətlərin inkişafı, həm də ölkələrimizin milli mənafelərinin qorunması baxımından böyük əhəmiyyət daşıyır.

YAP Sədrinin müavini Tahir Budaqov Kubaya qarşı iqtisadi, ticarət və maliyyə embarqosuna son qoyulmasının zəruriliyinə dair BMT Baş Assambleyasında müzakirəyə çıxarılan qətnamə layihələrinin lehinə Azərbaycanın hər zaman səs verdiyini söyləyib. O, Azərbaycanın 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyası zamanı postsovet məkanında belə qətnaməni dəstəkləyən yeganə ölkə olduğunu bildirərək “Bu faktlar Azərbaycanın Kubaya dost münasibətinin bariz göstəricisidir” ,- deyə vurğulayıb.

Öz növbəsində səfir Karlos Enrike Valdes de la Konsepsyon Cənubi Qafqaz regionunun, xüsusilə də bölgənin lider dövləti olan Azərbaycanın Kuba üçün əhəmiyyətindən bəhs edib, respublikamızın embarqoya dair BMT səviyyəsində aparılan müzakirələrdə Kubaya göstərdiyi birmənalı dəstəyin ölkəsində minnətdarlıqla qarşılandığını qeyd edib.

Görüşdə Azərbaycan-Kuba münasibətlərinin gələcək inkişafında iki ölkənin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyasının (KKP) rolu da diqqətə çatdırılıb. Dövlətlər və xalqlararası dostluq münasibətlərinin YAP ilə KKP arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün əlverişli zəmin formalaşdırdığı bildirilib. Bu kontekstdə qarşılıqlı səfərlərin faydalı fikir və təcrübə mübadiləsinin aparılması və məhsuldar işbirliyinin dərinləşdirilməsi nöqteyi-nəzərindən əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı yaxın vaxtlarda partiyalar arasında onlayn görüşün keçirilməsi barədə razılıq əldə edilib, gələcəkdə partiyalararası əməkdaşlıq sazişinin imzalanması perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər bir sıra məsələlər də müzakirə olunub.

Süleyman
Xəbəri paylaş