Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İki qardaş ölkə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

İki qardaş ölkə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb


Türkiyənin təhsil işçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Newscenter.az xəbər verir ki, Bakı şəhəri 18 nömrəli tam orta məktəb ilə Türkiyənin İzmir Çiyli Yıldız Tınas İzmiroğlu Anadolu Liseyi arasında “Qardaş məktəblərin əməkdaşlığı müqaviləsi” imzalanıb.

Səfər çərçivəsində qonaqlar Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, “Türk şəhidliyi” abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi və mədəni-tarixi məkanlarda olublar.

Qonaqlar, həmçinin 18 nömrəli tam orta məktəblə tanış olub, dərslərdə iştirak edib, qarşılıqlı təcrübə mübadiləsi mövzusunda müzakirələr aparıblar. Bundan əlavə, qardaş ölkələrin məktəbliləri arasında dostluq münasibətlərinin inkişafına xidmət edən birgə intellektual-əyləncəli proqramlar təşkil olunur.

Qonaqların şərəfinə Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi "Sənət Akademiyası" üzvlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Konsertdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, İzmir Çiyli Yıldız Tınas İzmiroğlu Anadolu Liseyinin direktoru Eyüp Dağ, liseyin müəllim və şagirdləri, məktəb direktorları iştirak ediblər.

Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Məktəbin direktoru Leyla Fətiyeva bildirib ki, eyni tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələri təhsil sahəsində də inkişaf edir. L.Fətiyeva məktəbin qonağı olan liseyin direktoru, 6 müəllim və 11 şagirddən ibarət heyətin iştirakı ilə təşkil olunan tədbirlərin qardaşlığın nümunəsi olduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, qardaş ölkənin təhsil işçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

R.Mehdiyeva
Xəbəri paylaş