"Rusiya sülhməramlı missiyasının vaxtından əvvəl Qarabağdan çıxarılması diploatik uğur olmaqla yanaşı, eyni zamanda tarixi hadisədir. İndiyə qədər heç bir sülhməramlı missiya münaqişə bölgəsindən bu cür sakit və vaxtından əvvəl çıxmayıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, bu həm də Azərbaycan və Rusiyanın, iki ölkə liderlərinin qarşılıqlı faydalı əməkdaşlığa hesablanmış siyasət həyata keçirdiklərinin göstəricisidir:
"Bildiyiniz kimi, sözügedən missiyanın fəaliyyəti 2025-ci ilə qədər davam etməli idi. Lakin Qarabağ erməniləri könüllü şəkildə Ermənistana qayıtdıqları üçün artıq belə bir missiyanın da Qarabağda qalmasına heç bir ehtiyac yox idi. Bu reallığı dərk edən Rusiya da məlum addımı atmış oldu".
Arzuman Muradlı deyib ki, indi Azərbaycan ərazilərinin tamamına Azərbaycan özü nəzarət edir və bundan böyük qürur, məğrurluq ola bilməz:
"Təbii ki, bu prosesdə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rolu xüsusi qeyd edilməlidir. Məhz onun uzaqgörən və müdrik siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanın bütün əraziləri azaddır və həmin ərazilərdə bayrağımız dalğalanır".
Süleyman