Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub.

Newscenter.az xəbər verir ki, “AzInTelecom” MMC dünyanın 160-dan çox ölkəsinin nüfuzlu şirkətlərinin üzv olduğu təşəbbüsdə Azərbaycanı təmsil edən qurumlar arasında yer alıb. Təşəbbüsə qoşulmaqla qurum ekoloji, sosial və korporativ idarəetmə sahələrində fəaliyyətini təkmilləşdirməyi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də ölkə iqtisadiyyatına daha geniş töhfə verməyi planlaşdırır.

Həmçinin insan haqları, işçi hüquqları, gender bərabərliyi, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı Qlobal Sazişin 10 prinsipinə əməl etməyi öhdəsinə götürür.

Bulud xidmətlərinin müasirləşdirilməsini, imza hüququ olan hər bir şəxsi rəqəmsal imza ilə təmin etməyi hədəfləyən “AzInTelecom” Azərbaycanın rəqəmsal transformasiyasında ciddi səy göstərir. Şirkət dayanıqlı inkişaf və sosial məsuliyyətə sadiqliyini nümayiş etdirən bir sıra təşəbbüsləri isə artıq reallaşdırıb. Bu təşəbbüslərə idarəetmənin avtomatlaşdırılması, kağız sənədləşmənin rəqəmsal sənədləşmə ilə əvəz olunması, ağacəkmə aksiyaları, işçilərin inkişafı proqramları və müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək tədbirlərinin həyata keçirilməsi daxildir.

Beləliklə, “AzInTelecom” BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq öz fəaliyyətini “yaşıl” inkişaf istiqamətlərinə və öhdəliklərinə uyğunlaşdıracaq. 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alaraq qurumun fəaliyyətində ətraf mühit məsələlərinə, “yaşıl” texnologiyaların təbliğinə diqqət daha da artırılacaq.

Qeyd edək ki, BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını bir araya gətirir. Qlobal Saziş üzvlərinin əsas məqsədi öz strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçi hüquqları, ətraf mühitin qorunması ilə bağlı prinsiplərə və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə uyğunlaşdırmaqdır.

Nərgiz Əzizova
Xəbəri paylaş