"Qlobollaşma şəraitində regional konfliktlərin zəncirvari olaraq bir-birinə təsir göstərməsi təbii olaraq böyük geosiyasi təhdidlər yaradır. Böyük güclərin öz maraqlarını təmin etmək üçün göstərdiyi fəaliyyət nəticəsində istər Şimal, istərsə də Cənub istiqamətində mürəkkəb vəziyyətin yarandığı bir faktdır. Eyni şəkildə güc mərkəzlərinin Cənubi Qafqaz uğrunda mübarizəsi də ortadadır ki, bu da təmsil olunduğumuz regionun çox həssas dönmdən keçdiyini təsdiqləyir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, ayrı-ayrı ölkələrin regionda vəziyyəti qarışdırmaq, çaxnaşma salmaq ehtimalları kifayət qədər yüksəkdir:
"Ermənistanda, eləcə də neçə gündür ki, Gürcüstanda baş verənlər bunun əyani sübutudur.
Xarici qüvvələr nəyin bahasına olursa olsun ölkəmizdə də vəziyyətin gərginləşdirilməsini və sonra bu gərginlik fonunda öz maraqlarını təmin etmək üçün təzyiqlər göstərmək istəyirlər.
Bir sözlə hazırda Cənubi Qafqazın da döyüş arenasına çevrilməsi planlarının işə salındığı müşahidə olunmaqdadır. Çox təəssüf ki, belə bir həssas məqamda ölkəmizdə də sabitliyin pozulması istiqamətində addımlar atılmasına cəhd edənlər var. Və yenə də ənənəvi olaraq ayrı-ayrı xarici qüvvələrin dəyirmanına su tökməyə cəhd edən Milli Şura yenidən aksiya keçirmək niyyətini ortaya qoyub.
Belə bir dövrdə mitinq çağırışının ediıməsi haqlı suallar yaradır. Axı niyə məhz indi? Əgər məqsəd bu və ya digər sahədə problemləri qabartmaqdısa niyə neçə seçkidir seçkilərdə iştirakdan imtina edirsiniz. Seçki prossesində daha geniş auditoriyaya xitab etmək və problemləri sadalamaq imkanı olduğu halda bundan imtina edib indi ənənəvi şuarlarla mitinq çağırmaq nəyə lazımdır? Demək məqsəd başqadır və heç də hansısa problemlərlə bağlı deyil".
Politoloqun sözlərinə görə, nnormal düşünən, prossesləri az-çox izləyən hər kəs dərk edir ki, indiki məqamda gərginliyə səbəb olacaq addımların atılması heç bir halda dövlət və milli maraqlara xidmət etmir:
"Aydındır ki, bu aksiyanın keçirməkdə əsas məqsəd cəmiyyətdə qarşıdurma yaratmaq, sabitliyi pozmaq, xarici qüvvələrin ölkəmizə nüfuz edərək istədikləri siyasəti yürütmələrinə şərait yaratmaqdır.
Bu mitinqin xarici sifariş olduğu heç kimdən şübhə doğurmur. Planlaşdırılan mitinq radikalların cəmiyyətdə ixtilaf yaratmaq niyyətlərinə xidmət edir. Regionda və dünyada yaşanan hadisələr fonunda insanların küçə iğtişaşlarına dəvət olunması xainlik və məsuliyyətsizlikdir.
İndiki mərhələdə problemlərin müzakirəsi yeri küçə və meydanlar deyil. İstənilən problemlə bağlı hakimiyyət təmsilçiləri ilə görüşlər keçirmək, müzakirələr aparmaq mümkündür. Lakin görünən odur ki, siyasi dialoqu inkar edən və sağlam rəqabətə hazır olmayan radikalların hər zaman olduğu kimi, tək ümidi küçə iğtişaşlarına qalıb.
İqtidarın dialoqla bağlı açıq mesajlarına radikalların yalnız yeni təxribatlarla cavab verməsi, dövlətin siyasi dialoq təkliflərindən ənənəvi olaraq imtina bu qüvvələrin dəyişmədiyini göstərir. Məlum olur ki, radikal müxalifətin ortaya qoymağa yeni ideyaları yoxdur.
Radikallar hələ də anlamırlar ki, müxalifət düşərgəsində təmsil olunmaq heç də dövlətin və xalqın əleyhinə mövqe tutmağa, ölkəmizlə bağlı həqiqətləri danmağa, inkar etməyə əsas vermir və bunu müxalifətçilik hesab etmək böyük səhvdir. Öz ölkəsinin, öz xalqının maraqlarının əksinə çıxış etmək, mövqe sərgiləmək, uğurlarını, nailiyyətlərini, qələbələrini danmaq, inkar etmək müxalifətçilik yox, xəyanətkarlıq və düşmənçilikdir.
Odur ki, Milli Şura adlanan qurumun hansı addım atmasından asılı olmayaraq Azərbaycan xalqı bu kimi oyunlara getməyəcək və yenə də qarışıqlıq yaratmaq istəyənlərin arzuları ürəklərində qalacaq. Çünki xalqımız ağı-qaradan seçməyi bacaran bir xalqdır və kimin-kim olduğunu kifayət qədər yaxşı bilir".
Süleyman