"Rus sülhməramlıları Qarabağı tərk edir. Bu, gələn il gözlənilən hadisə idi. Məlumdur ki, gələn il 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli müqavilənin vaxtı çatırdı və sonra sülhməramlılar Qarabağı tərk etməli idi. Azərbaycan Prezidenti də onların vaxt çatanda çıxacağını bəyan etmişdi. Azərbaycanın Rusiya sülhməramlılarının çıxması müqabilində Rusiyaya hansısa vədlər verməsi, xüsusən də, KTMT və Avrasiya İqtisadi Birliyinə daxil olmaq sözü verməsinin heç bir əsası yoxdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O, hesab edir ki, bu, məqsədli şəkildə ortaya atılan məsələdir:
"Vəziyyəti gərginləşdirmək istəyən qüvvələrin şaiyələrdir. Əvvəla Azərbaycan heç bir bloka qoşulmayan Qoşulmama Hərəkatının üzvüdür, hətta təşkilatın lideridir. Bununla yanaşı KTMT öz aktuallığını itirmiş bir təşkilatdır. Ermənistan belə bu təşkilatdan çıxmaq istəyərkən Azərbaycanın KTMT-yə üzv olması bizim üçün yolverilməzdir, hətta böyük nüfuz itkisi deməkdir".
Azər Qasımovun sözlərinə görə, Rusiyanın Qarabağdan vaxtından bir az tez çıxması nə böyük hadisədir ki, Azərbaycan buna görə Rusiyaya müstəqilliyindən keçəcək vədlər versin:
"Rusiyanın Qarabağdan çıxmasını çox da şişirtmək lazım deyil. Onsuz da bu, mütləq olacaqdı. Avrasiya İqtisadi Birliyi isə Azərbaycanın həm daxili konyukturuna uyğun deyil, həm də Azərbaycan bu təşkilatdan böyük İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatının üzvüdür. Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq şansları vardır. Odur ki, hesab edirəm qeyd edilənlər mümkün deyil. Rusiya indiki məqamda Azərbaycan qarşısında hansısa şərtlər qoyası halda deyil. İndi Azərbaycan özü şərtləri diktə edən tərəfdir".
Süleyman