Milli Məclisin deputatı Jalə Əhmədova Salyan rayonu, Xocalı kəndində seçiciləri ilə növbəti görüşünü keçirib.
Newscenter.az xəbər verir ki, qəbulda vətəndaşlar sosial problemlərlə yanaşı təhsil, səhiyyə, nəqliyyat məsələləri ilə bağlı üzləşdikləri çətinlikləri diqqətə çatdırıblar. Kənddə tibb məntəqəsinin olmadığını və bununla bağlı kənd camaatının çətinliklər yaşadığını bildiriblər. Xüsusilə yaşlı insanların səhhətində yaranmış problemlərlə bağlı avtomobil axtarıb tapılması, rayon xəstəxanasına çatdırılması və s. çox ağır fəsadlarla nəticələnə biləcəyini qeyd etdilər.
Kənd kitabxanasının əsaslı təmirə ehtiyac olduğunu bildirən seçicilər, eyni zamanda təhsil sistemində həyata keçirilən optimallaşma prosesi nəticəsində kiçik məktəblərin ləğv edilərək böyük məktəblərə birləşdirilməsi, şagirdlərin həmin məktəblərə köçürülməsi ilə bağlı xocalılar üçün yaranacaq problemləri də qeyd ediblər. Bildirbilər ki, Xocalı kəndindəki ibtidai məktəb (həmin məktəbdə 4 sinifdə cəmi 7 şagird təhsil alır) Kürqaraqaşlı tam orta məktəbinə birləşdirilərsə onlar hər gün uşaqları həmin məktəbə aparıb gətirmək üçün taksilərdən istifadə etməli olacaqlar. Kənd sakinlərinin bir çoxunun işsiz olması səbəbindən isə taksidən istifadə etmək onların büdcəsinə uyğun deyil və əlavə xərcdir. Vətəndaşlar bu problemdən çıxış yolu kimi Xocalı kənd ibtidai məktəbində bir sinfin saxlanmasını xahiş ediblər.
Kəndə marşrut avtobusu işləmədiyindən yaxın kəndlərə və rayon mərkəzinə getmək üçün taksi xidmətindən istifadə edən seçicilər Xocalı kəndinə marşrut xəttinin ayrılmasına köməklik göstərməyimi də xahiş ediblər.
Deputat deyib ki, qəbul zamanı səsləndirilən problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına müraciət ediləcək.
"Çox xoş oldu ki, vətəndaşlar qəbula həm də minnətdarlıq etmək üçün gəlmişdi. Belə ki, Xocalı kəndinin qaz, yol, internet problemi ilə bağlı aidiyyətı dövlət qurumlarına etdiyim müraciətlər öz müsbət həllini tapdığına görə seçicilər onların adından möhtərəm Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya, eləcə də əməyi keçən dövlət qurumlarına təşəkkürlərini çatdırmağı məndən xahiş etdilər",-deyə Jalə Əhmədova bildrib.
Süleyman