"13 illik aradan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa baş tutan səfəri çox böyük əhəmiyyət kəsb edəcək. Uzun zamandan hazırlanan bu səfərin gündəliyinə İraq ərazisindəki PKK silahlılarına qarşı əməliyyat, eyni zamanda, bu ölkə ərazisindən keçirilməsi planlaşdırılan nəqliyyat dəhlizi məsələsi də daxildir".
Bu fikirləri Newscenter.az-a ƏHD partiyası sədrinin müşaviri Azər Qasımov Türkiyə prezidentinin İraqa səfərini şərh edərkən səsləndirib. O bildirib ki, Türkiyə Prezidenti hakimiyyəti müddətində PKK məsələsini həll etməyi planlaşdırır:
"Bu, Ərdoğanın ən böyük zəfəri olacaq. Hesab edirəm ki, son proseslərdən sonra ABŞ-da Türkiyə ilə münasibətlərdəki yumşalmalar fonunda bu əməliyyata yaşıl işıq yandıracağı böyük ehtimal daxilindədir".
Azər Qasımov deyib ki, Ərdoğanın İraq səfəri ikitərəfli münasibətlərin inkişafına da böyük təsir edəcək:
"İmzalanacaq 30-a yaxın sənəd onu göstərir ki, əlaqələrin yeni mərhələsi başlanacaq. PKK məsələsinin həll edilməsi region üçün də təsirsiz ötüşməyəcək. İraq da PKK-dan əziyyət çəkdiyi üçün onların da öz sərhədlərindən PKK-nı təmizləməyə başlayacağını hesab etmək olar".
Süleyman