Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh müqaviləsi Mehri dəhlizinin açılmasından sonra bağlana bilər

Sülh müqaviləsi Mehri dəhlizinin açılmasından sonra  bağlana bilər


Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq qaydada sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Bu kəndlərin Ermənistan üçün böyük strateji əhəmiyyəti var. Ona görə ki, Qazaxın Ermənistan ərazisindəki üç eksklav kəndi Ermənistan-Gürcüstan magistral yolunun üzərindən, Ermənistan-İran magistral yolu isə Kərki kəndinin üzərindən keçir. Həmin kəndlərin qaytarılması faktiki olaraq hər iki magistral yolun Azərbaycan hərbiçilərinin nəzarəti altında qalacağı deməkdir.

Buna görə də Ermənistan bu məsələdə bir xeyli müddətdir ki, israr edirdi və həmin kəndləri qaytarmaq istəmirdi. Lakin Ermənistan hakimiyyəti məsələnin ciddiliyini vaxtında dəyərləndirə bildi, başa düşdülər ki, kəndləri öz xoşlarına boşaltmasalar, bunu Azərbaycan Ordusu edəcək və bunun üçün də Azərbaycan hökumətinə kimsə bir irad tuta bilməyəcək.

Sülh müqaviləsinin bağlanmasına gəlincə hesab edirəm ki, müqavilənin bağlanma gününə qədər bütün sərhəd mübahisələri öz həllini tapmalıdı. Azərbaycan rəhbərliyi çox yaxşı bilir ki, sərhədlərin dəqiqləşdirilməsi aparılmadan sülh müqaviləsinin bağlanması sonradan ermənilər tərəfindən yeni iddiaların ortaya çıxmasına, həlli mümkün olmayan variantların təklif edilməsi və bu yolla açıq qalmış sərhəd problemlərinin həllinin illərlə uzadılmasına yol açmaq deməkdir. O səbəbdən düşünürəm ki, sülh müqaviləsi Ermənistanla sərhədlərin delimitasiyasının başa çatmasından sonra deyil, Ermənistanın 10 noyabr 2020-ci il tarixli bəyannaməsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra – yəni Mehri dəhlizinin açılmasından sonra bağlana bilər.

Fikrət Yusifov, iqtisad elmləri doktoru, professor

Newscenter.az üçün
Xəbəri paylaş