Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mövqeyimizin düzgünlüyünü zaman da təsdiqləyib

Mövqeyimizin düzgünlüyünü zaman da təsdiqləyib


Prezident İlham Əliyevin Rusiyaya səfəri olduqca maraqlı bir zaman kəsiyinə təsadüf etdi. Belə ki, Azərbaycanın öz ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının vaxtından əvvəl çıxarılmasına nail olmasından və Ermənistanın işğalı altında olan Qazaxın 4 kəndinin geri qaytarılmasını təmin etməsindən sonra Rusiyaya baş tutan bu səfər Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərində yeni mərhələnin başlanması üçün əlverişli zəmin yaradır. İndi tam əminliklə deyə bilərik ki, Rusiya-Azərbaycan əlaqələrinin düz xətt üzrə inkişafına əngəl ola biləcək heç bir problem qalmayıb.

2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatın müddəalarının Ermənistan və Rusiya tərəfindən yerinə yetirilməməsi şübhəsiz ki, Rusiya-Azərbaycan münasibətlərinə öz mənfi təsirini göstərirdi. Lakin Azərbaycan 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror əməliyyatının nəticəsində Qarabağın erməni separatçılarından təmizləməklə 10 noyabr Bəyanatının icrasını özü təmin etmiş oldu. Bu da Rusiya-Azərbaycan münasibətlərinin inkişaf dinamikasını tormozlayan əngəllərin aradan qaldırılmasına yol açdı. Faktiki olaraq Azərbaycan hazırda Cənubi Qafqazda yeni reallıqlar yaradıb və regionun aparıcı dövlətinə çevrilib. Bu mənada Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Azərbaycanı Rusiyanın böyük qonşusu, dostu və tərəfdaşı adlandırması heç də təsadüfi deyil.

Rusiya da bölgədəki proseslərə real təsir gücü olan əsas aktorlardan biridir. Və hazırkı qlobal geosiyasi təlatümlər fonunda iki ölkə arasında əlaqələrin sabit məcrada inkişaf etməsi hər iki tərəf üçün faydalıdır. Ermənistandan fərqli olaraq biz Rusiya ilə münasibətləri geosiyasi avantüralar üzərində yox, praqmatik maraqlar və qarşılıqlı faydalılıq, normal qonşuluq münasibətləri üzərində qururuq. Çünki bizim çoxlu ortaq maraqlarımız, eləcə də sıx iqtisadi əməkdaşlıq üçün böyük potensialımız var. Bu, inkarolunmaz bir həqiqətdir ki, Rusiyanın varlığını gözə almadan və ya onunla açıq qarşıdurmaya, konfrantasiyaya getməklə bölgədə qalıcı sülhə və iqtisadi tərəqqiyə nail olmaq mümkün deyil. Biz bu kimi önəmli amillərin hamısını nəzərə alırıq və bu gün Rusiya ilə münasibətlərimizin inkişaf etdirilməsinin Azərbaycan üçün maksimum faydalı, səmərəli olmasına çalışırıq. Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə də, Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşündə də bildirdi ki, Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır. Həmçinin Rusiya dövlət başçısı Vladimir Putin də Əliyevlə sözügedən təkbətək görüşündə qeyd etdi ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir. Ticarət dövriyyəsi artır, iki ölkə arasında ticarət dövriyyəsi artıq 4 milyard dollara çatıb.

Müstəqillik illərində Rusiya ilə münasibətlərdə müəyyən problemlərlə üzləşdiyimiz kimi, şimal qonşumuz ilə ikitərəfli münasibətlərimizin müsbət mənada zəngin ənənələri də var. Xüsusən də Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dönəmdə Rusiya Federasiyası ilə münasibətlərdə tarazlığın yaranması və əlaqələrin konstruktiv məcrada inkişafı üçün xeyli iş görülüb. Rusiyalı ekspertlər də təsdiqləyir ki, məhz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar”.

Dövlətimizin başçısının 22 aprel tarixində baş tutan Moskva səfəri Azərbaycan-Rusiya əlaqələrinin inkişaf dinamikasını daha da sürətləndirəcək. Bu səfərin rəmzi anlamı da vardı. Belə ki, İlham Əliyevin səfəri əfsanəvi Baykal-Amur Magistralının (BAM) tikintisinin 50 illik yubileyinə təsadüf etdi. Azərbaycan Prezidenti yubiley münasibətilə BAM-ın veteranları və işçiləri ilə keçirilən görüşündə Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə görə BAM inşaatçılarına təşəkkür etdi və Ulu Öndərin SSRİ rəhbərliyində olduğu dönəmdə tikintisi geniş vüsət alan Baykal-Amur Magistralının ərsəyə gəlməsi üçün göstərdiyi fədakarlığqdan söz açaraq bildirdi ki, “BAM inşaatçıları yaxşı bilirlər ki, o, praktiki olaraq piyada, qatarla, vertolyotla, çətin şəraitdə Bratskdan Vladivostoka, Naxodkaya qədər uzun məsafə qət edib, on gün ərzində sevinc və kədərini BAM inşaatçıları ilə bölüşüb”.

Qeyd etməliyik ki, Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Prezident İlham Əliyev çıxışında onu da əlavə etdi ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Hər iki ölkə “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. Bu, həm də perspektiv əməkdaşlıq istiqamətidir. Belə ki, Rusiya tərəfi “Şimal-Cənub” nəqliyyat dəhlizinin yükdaşıma həcminin artırılmasını istəyir. Bu dəhlizin Azərbaycandan keçməsi onu bizim üçün daha da əhəmiyyətli edir. Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolumuz mövcuddur. Dövlət başçımızın vurğuladığı kimi yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir. Bunun üçün ilk növbədə İran tərəfi hərəkətə keçməli və Rəşt-Astara dəmirloyunun tikintisini gerçəkləşdirməlidir. İran isə İrəvanın təklif etdiyi “Sülh kəsişməsi” adlı ölü doğulmuş təxribatçı “layihə”yə şirnikləndiyinə görə hələlik Rəşt-Astara dəmirloyunun tikintisini ləngidir. Lakin molla hökuməti sonda yenə də “Şimal-Cənub” dəhlizinə “hə” deməli olacaq və Azərbaycanın aparıcı rolu ilə hesablaşacaq.

Azərbaycanın etibarlı tərəfdaş olduğunu bu gün hər kəs etiraf edir. Rusiya Elmlər Akademiyasının E.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun baş elmi işçisi Stanislav Pritçinin qeyd etdiyi kimi bu gün Azərbaycan obyektiv olaraq Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır. Azərbaycan həm iqtisadi nöqteyi-nəzərdən, həm də “Şimal-Cənub”, “Xəzər dialoqu” üzrə geostrateji layihələr, bütövlükdə regionda təhlükəsizlik məsələləri baxımından da əhəmiyyətlidir. Bunu Ermənistanda da aydın şəkildə dərk edirlər. Ona görə də Əliyev-Putin görüşünü Ermənistanda da çox diqqətlə izləyirdilər.

Rusiyalı ekspertin də vurğuladığı kimi Qarabağ probleminin həlli əvvəllər Moskva ilə Bakı arasında münasibətlərin inkişafına əngəl olan maneələri artıq aradan qaldırıb. Rusiyalı sülhməramlıların Azərbaycan ərazisindən vaxtından tez çıxarılması isə həm Azərbaycanın Rusiya yönümlü siyasət yürütdüyünü iddia edən qüvvələrin əsassız arqumentlərini puça çıxardı, həm də rəsmi Bakıya istər Rusiya ilə, istərsə də digər regional və qlobal güclərlə daha çevik münasibətlər qurmağa imkan yaratdı. Bəzi qonşularımızdan fərqli olaraq biz konkret olaraq qərbyönümlü və ya rusiyameylli siyasət yürütməyi düzgün hesab etmirik. Azərbaycan bütün tərəflərlə qarşılıqlı faydalı münasibətlər qurmağa üstünlük verir. Bu mövqeyimizin düzgünlüyünü zaman da təsdiqləyib.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş