“Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” İctimai Birliyi ənənəvi xeyriyyə tədbirlərini davam etdirir. İctimai Birlik növbəti xeyriyyə tədbirini Səbail MKS-nin 1 saylı filialı ilə birgə təşkilatçılığı çərçivəsində həyata keçirib. Belə ki, “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” İctimai Birliyinin və Səbail MKS-nin 1 saylı filialının birgə təşkilatçılığı ilə İkinci Qarabağ Müharibəsi iştirakçısı, şəhid Nazim Hüseynovun ailəsi ziyarət olunub.
Bu barədə Newscenter.az-a məlumat verən İctimai Birliyin sədri Suzana Abseynova (Məmmədova) deyib ki, görüş zamanı şəhid mayor Nazim Hüseynovun döyüş yoluna nəzər salınıb, onun qəhrəmanlıqlarından bəhs edilib. Şəhidin anası, həyat yoldaşı və oğlu Huseyn Nazim Hüseynovla bağlı xatirələrini bölüşüblər:
“Görüşün sonunda kitabxana kollektivi tərəfindən göndərilən ərzaq yardımı tədbirin təşkilatçısı T.Abdullayeva və “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” İctimai Birliyinin sədri Suzana Abseynova (Məmmədova) tərəfindən şəhidin ailəsinə təqdim edilib”.
Rəhbərlik etdiyi İctimai Birlik və Səbail MKS-nin 1 saylı filialı tərəfindən müntəzəm olaraq bu kimi xeyirxah addımların atıldığını diqqətə çatdıran Suzana Abseynova (Məmmədova), gələcəkdə də anoloji tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.
Məlumat üçün qeyd edək ki, mayor Nazim Yaqub oğlu Hüseynov 1977-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. O, 2016-cı ildə baş verən Aprel döyüşləri və İkinci Qarabağ Müharibəsinin iştirakçısı olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Nazim Hüseynov Füzulinin, Cəbrayılın və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nazim Hüseynov oktyabrın 8-də Hadrut döyüşləri zamanı şəhid olub. Şəhid Hüseynov İmişli rayonunda dəfn olunub. Onun Vətənə əmanət Hüseyn adlı övladı qalıb.
Onu da qeyd etmək yerinə düşər ki, aprelin 22-də həm də şəhid Nazim Yaqub oğlu Hüseynovun yeganə yadigarı olan Hüseynin ad günü tarixinə təsadüf edib. “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” İctimai Birliyi və Səbail MKS-nin 1 saylı filialının əməkdaşları şəhid yadigarı olan Hüseyni ad günü münasibətilə təbrik edib, doğum günü hədiyyəsi olaraq aldiqları tortu Hüseynlə birlikdə kəsərək onun xoş gününə şərik olublar.
Süleyman